Bakıda Rusiyanın aviasiya zavodu açılacaq

Dmitri Roqozin (Foto Dmitri Roqozinin Twitter mikrobloqundan götürülüb)

Rusiya yaxşı və baha olmayan silah ixracatçısı kimi həm Azərbaycan, həm də İran üçün maraqlıdır. Bu fikri jurnalistlərə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiya, Azərbaycan və İran prezidentlərinin Bakı sammitinin yekunları ilə bağlı söyləyib.

Roqozinin fikrincə, həmçinin Azərbaycan Rusiyadan MC-21 təyyalərinin alınmasında maraqlıdır. Rusiya 2017-ci ilin fevralına qədər 10 təyyarə üçün müqavilə imzalamağa ümid edir.

“Azərbaycan Rusiyanın MC-21 təyyarələrinin alınmasında maraqlıdır. Bu təyyarənin ilk uçuşundan sonra – biz bunun ya bu ilin sonlarında, ya da gələn ilin əvvəlində - fevralda baş verəcəyini planlaşdırırıq - biz ən azı 10 ədəd MC-21 təyyarəsi üçün müqavilə bağlamaq niyyətindəyik”, - TASS Roqozindən sitat gətirib.

Onun sözlərinə görə, Bakıda vertolyot mərkəzi və təyyarəquraşdırma zavodu inşa ediləcək.

“Bakıda vertolyot mərkəzi yaradılacaq. Burada sovet və Rusiya istehsalı olan çox təyyarə və vertolyot var. Onların modernləşdirilməsi, texniki xidməti Azərbaycan ərazisində olacaq”, Roqozin vurğulayıb.

Bundan əlavə, onun sözlərinə görə, “Bakıda aviasiya zavodu açılacaq”.