Avstraliya məhkəməsi Cokoviçi həbsdən azad və vizasını bərpa edib

Hakim Novak Cokoviçin Avstraliyada qalmasına icazə verib və Avstraliya hökuməti ilə tennis ulduzu arasında COVID-19 peyvəndi ilə bağlı baş verən beş günlük qarşıdurmaya son qoyub.

Dairə Məhkəməsinin hakimi Antoni Kelli bazar ertəsi hökumətin Cokoviçin vizasını ləğv etmək qərarını rədd edib və rəsmilərə onun pasportunu qaytarmağı və onu immiqrasiya həbsindən azad etməyi tapşırıb.

Buna baxmayaraq, Avstraliya hökuməti hakimin qərarından dərhal sonra Cokoviçin vizasını hələ də ləğv edə biləcəyini söyləyib.

34 yaşlı Cokoviç yanvarın 17-də başlayacaq tennis üzrə dünyanın ən prestijli “Böyük Dəbilqə” seriyasının birincisi olan Avstraliya Açıq çempionatına hazırlıqlara başlamaq üçün ötən çərşənbə günü Melburna gəlib. O, iki tibbi paneldən və turnirin təşkilatçısı olan Tennis Australia-dan bütün ziyarətçilərin COVID-19-a qarşı peyvənd olunması ilə bağlı hökumət tələbindən tibbi istisna icazəsi aldığını söyləyib. Peyvəndə açıq şəkildə şübhə ilə yanaşan Cokoviç, dekabr ayında COVID-19 infeksiyasından sağaldığını bildirib.

Lakin hökumət Cokoviçin peyvənddən azad edilməsini rədd edib. Koronavirusun sürətlə artan omicron variantı ilə mübarizə aparan Avstraliya onun vizasını ləğv edərək ictimai hay-küyə səbəb olub.

Məhkəmə qərarı serbiyalı idmançıya onun 10-cu Avstraliya Açıq çempionatı və kişilər arasında 21-ci ümumi "Böyük Dəbilqə" qalibiyyəti üçün oynamasına icazə verir. Bu qalibiyyət onun ən yaxın rəqibləri olan ispaniyalı Rafeal Nadal və isveçrəli Rocer Federerlə paylaşdığı bərabərliyi poza bilər.