Foto-jurnalist Rza Diqqəti kürd döyüşçülərinin İslam Dövlətinin nəzarətindən geri aldığı Sincar bölgəsinə səfər edib.
Your browser doesn’t support HTML5
Sincarda gördüklərini Amerikanın Səsi ilə paylaşan Diqqəti şəhərdə çoxsaylı insanın İŞİD tərəfindən öldürüldüyünü, qız və qadının satıldığını deyib. O, artıq bir həftədir İraq Kürdüstanının prezidenti Məsud Bərzaninin başçılığı ilə kürd döyüşçülərinin şəhərin nəzarətini ələ keçirməsindən sonra orada minalardan təmizləmə işləri apardığını bildirib.
Sincarın tamamilə viran edildiyini deyən foto-jurnalist şəhərin təmizlənməsindən sonra sakinlərin geri qaytarılacağına ümid edildiyini bildirib.
Onun dediyinə görə, küdr döyüşçüləri misilsiz şücaət nümayiş etdirib. Rza Diqqəti onu da nəzərə çatdırıb ki, 3 aydan çoxdur maaş almayan döyüşçülər İslam Dövlətinə qarşı mübarizə aparan əsas qüvvə olub.
Onların müharibə şəraitinə uyğun olmayan vəziyyətlərindən danışan jurnalist döyüşçülərin kifayət qədər silaha malik olmadıqlarını diqqətə çatdırıb.
Rza Diqqəti İraq Kürdüstanına 1 milyon 700 min qaçqının sığındığını bildirib.
Onun dediyinə görə, yerli əhali şəhərin geri alınmasını böyük sevinc hissi və nə zamansa evlərinə qayıtmaq ümidi ilə qarşılayıb.
Tanınmış foto-jurnalist Sincarın digər münaqişə zonalarından fərqindən danışarkən İŞİD-in buradakı dağıdıcı rolunu önə çəkib.
Çəkdiyi şəkillərə görə yüksək mükafatlara layiq görülən Rza Diqqəti bölgədə intihar hücumlarının hədsiz dərəcədə çox olmasına baxmayaraq, kürd döyüşçülərin misilsiz şücaət göstərməsinin digər münaqişələrdən fərqləndiyini bildirib.
Öz şəxsi hesabı ilə hərbi bazada qaçqın uşaqlar üçün məktəb açan Diqqəti çəkdiyi şəkillərdə də məhz müharibənin təsirinə məruz qalan uşaqların durumunu göstərməyə çalışır.
İraqa Parisdən gedən foto-jurnalist son terror aksiyalarının dünyanı və fransızları şoka saldığını deyib. Onun fikrincə, avropalılar İŞİD-in qüdrətini hesaba ala bilməyib və ya almaq istəməyib. Diqqəti bu son olayların İŞİD-ın nə demək olduğunu avropalılara çatdırdığını bildirib.
Fransanın İslam Dövlətinə qarşı hərbi əməliyyatlarına ictimai dəstəkdən bəhs edən foto-jurnalist fransızların müharibə yolundansa, diplomatik çözümə üstünlük verdiklərini deyib.