Elşad İsgəndərov: Azərbaycan əhalisinin əksəriyyəti dini radikalizmin əleyhinədir

30,2% respondent Allaha dərindən inanır, 66% sadəcə özünü dindar sayır. Ateistlərin sayı cəmi 0,1%-dir
Son illər islam dininə və milli-mənəvi dəyərlərə marağın artmasına baxmayaraq, əhalinin mütləq əksəriyyəti dini radikalizmi inkar edir. Dini Araşdırmalar Mərkəzinin prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə birlikdə keçirdiyi “Azərbaycanda islam: mövcud reallıqlar və ictimai rəy” sosioloji sorğusunun nəticələri bundan xəbər verir.

Sorğu bu il mayın 20-dən iyunun 15-dək ölkənin bütün bölgələrində 1500 respondent arasında təsadüfü seçim metodu ilə keçirilib.

Respondentlərin 10%-dən çoxu qeyd edib ki, “5 il əvvəlkindən daha çox dinə inanan olublar”.

Bundan əlavə, araşdırmalar göstərir ki, namaz qılan və Ramazan ayında oruc tutan vətəndaşların sayı əvvəlkindən çoxdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbəri Elşad İsgəndərov təqdimat zamanı bildirib ki, araşdırmaların nəticələri Azərbaycan əhalisinin dinlər və dinlərarası cərəyanlar arasında tolerantlığı dəstəklədiyini, dini radikalizmi qəbul etmədiyini təsdiqləyib.

Eyni zamanda sorğu dini maariflənmənin gücləndirilməsinin vacibliyini ortaya çıxarıb. Belə ki, vətəndaşların üçdə bir hissəsi məlumatı KİV-dən, üçdə bir hissəsi ətrafdan, digər üçdə bir hissəsi dini mərasimlərdən alır.

E.İsgəndərovun fikrincə, dini maariflənmənin həyata keçirilməsi zamanı dini icmaların, imamların və axundların üzərinə böyük məsuliyyət düşür. DQİDK öz tərəfindən ilahiyyatçıların dini ədəbiyyat nəşr etməsini dəstəkləməyə hazırdır.

O qeyd edib ki, DQİDK-nin əsas vəzifələri dövlət-din münasibətlərinin tənzimlənməsi, dini radikalizm üçün mühitin süni şəkildə formalaşdırılmasının qarşısının alınması, dini maariflənmənin həyata keçirilməsidir.
SAM rəhbəri Fərhad Məmmədov qeyd edib ki, dini sahədə araşdırmaların aparılması Qarabağ nizamlanmasından sonra Mərkəzin ikinci əsas istiqamətidir.

Onun sözlərinə görə, dövlət-din münasibətləri modelinin hər hansı universal modulu yoxdur və bu cür araşdırmalar dövlətin elmi cəhətdən əsaslandırılmış dini siyasətinin formalaşmasına xidmət edir.

Onun fikrincə, bu araşdırma xarici donorların keçirdiyi sosioloji sorğulardan fərqlənir. Belə ki, onların metodologiyasında yanlışlığa yol verilir, nəticələr isə sifarişçilərin maraqlarını əks etdirir.

SAM-ın analitiki Sahib Cəfərov sorğunun statistik nəticələrin təqdim edib.

Əsasən 30,2% respondent Allaha dərindən inanır, 66% sadəcə özünü dindar sayır. Ateistlərin sayı cəmi 0,1%-dir. 96,8 % özünü müsəlman, 0,8% pravoslav xristian, 0,1% yəhudi sayır.

Cəmiyyətin dinə münasibətinə dair sualla bağlı aşağıdakı nəticələr əldə olunub:

83% özünü əvvəlkitək dindar hesab edir, 3,8% bildirib ki, əvvəllər dindar olmayıb, indi isə dinə inanmağa başlayıb, 10,3% deyib ki, əvvəllər də dindar olublar, amma indi daha radikal adamlara çevriliblər.

38 % respondent özünü şiə, 14% sünnü kimi təqdim edib, 45% fərq qoymayaraq özünü sadəcə müsəlman hesab etdiyini bildirib. 2 % isə bildirib ki, heç zaman bu haqda düşünməyib, 1% cavab verməyə çətinlik çəkdiyini bildirib.

Namaza gəlincə, 57,6% namaz qılmır. 10,9% hər gün namaz qılır, 3,5% namazı fasilələrlə, 1,2 % yalnız cümə günləri qılır.

Eyni zamanda 22,1% bildirib ki, namaz qılmağı planlaşdırır və bu, müəlliflərin fikrincə, əhali arasında dindarlığın artmasından xəbər verir.

4,7% qeyd edib ki, əvvəllər namaz qılıblar, hazırda buna son qoyublar.

Hər il 17% oruc tutur, 14,1% isə hər il tutmur.
Yalnız 5 % müntəzəm olaraq məscidə gedir və bu qədər əhali Azərbaycanda islam dini dövlətinin qurulmasına tərəfdardır.

Respondentlərin 90%-i digər dinlərə hörmətlə, 4%-i nifrətlə yanaşır.

Respondentlərin yalnız 2,6%-i sələfizm (vəhabilik) ideyasını bölüşür. 42,8% onu yabançı ideologiya hesab edir, 12,4% sələfilərin xarici görünüşünü və davranışını bəyənmir. 30,2% sələfilərə mənfi münasibət bəsləyir və hesab edir ki, onlar fanatizmi, dini radikalizmi və ekstremizmi təbliğ edirlər.