Dilan Rufun irqçi manifesti və fotolarının yerləşdirildiyi veb səhifə aşkar edilib

Cənubi Karolina ştatının Çarlson şəhərinin kilsəsində qətliam törətməkdə şübhəli bilinən Dilan Rufun Amerika bayrağını yandırdığı göstərilən fotosu da daxil olmaqla onlarla foto-şəkil və irqçi bəyanatlarının yerləşdirildiyi veb səhifə aşkar edilib.

60-dan çox foto-şəkildən birində Dilan Rufun əlində pistolet tutduğu göstərilir. O, Emanuel AME kilsəsində qətliamı törədərkən buna oxşar pistoletdən istifadə etməkdə ittiham olunub.

Foto-şəkillər göründüyü kimi Dilan Rufun özü tərəfindən yaradılan və bu ilin fevral ayında qeydiyyatdan keçirilən veb səhifədə yerləşdirilib.

Bununla yanaşı, Dilan Rufun 19-cu əsrdə quldarlığın mövcud olduğu cənub ştatlarının bayrağı ilə və tarlada işləyən qulların şəkli fonunda əlindəki pistoleti onlara tuşladığı göstərilən fotosu da mövcuddur.

Assoşieyted Press agentliyinin verdiyi məlumata görə Federal Təhqiqatlar Bürosu şənbə günü aşkar edildikdən sonra internetdən götürülən veb səhifə ilə bağlı təhqiqata başlayıb.

Veb səhifədə yerləşdirilmiş manifestin Dilan Ruf tərəfindən yazıldığı dərhal təsdiq edilməyib.

Təxminən 2500 sözdən ibarət yazıda Ruf ailədə irqçi kimi böyümədiyini bildirib. Onun yazdığına görə, o, 2012-ci ildə Florida ştatında qaradərili yeniyetmə Treyvon Martinin ağ Corc Zimmerman tərəfindən qətlə yetirilməsindən sonra “qaradəri və ağların cəlb olunduğu” cinayət işi ilə maraqlanmağa başlayıb. Zimmerman məhkəmədə bəraət qazanmışdı.

Mətndə həmçinin ekstremist Kuklus Klan təşkilatına istinadlar yerləşdirilib.

ABŞ mediası internetdə yerləşdirilmiş manifesti şənbə günü aşkar etsə də, mətn Emanyel AME kilsəsində qətliamın baş verməsindən əvvəl mövcud olub.