Sual: Bu yaxınlarda ABŞ dövlət katibi Hillari Klinton Azərbaycana səfərini başa vurdu. Bir çox müşahidəçilər ümid edirdilər ki, səfər Azərbaycan hökumətinin insan haqları sahəsindəki göstəricilərinə müsbət təsir göstərəcək. Lakin səfərdən az sonra jurnalist Eynulla Fətullayev uzun müddətli həbs cəzasına məhkum edildi. Atasının dəfni üçün müvəqqəti azadlığa buraxılmış bloger yenidən məhbəsə qaytarıldı. Hazırkı situasiya ilə bağlı fikirləriniz nədir?
Cavab: Fikrimcə, vəziyyət yaxşı deyil və getdikcə daha da pisləşir. Hesab edirəm ki, xanım Klintonun səfərindən sonra bu tezlikdə Fətullayevin məhkum edilməsi aydın siqnal idi ki, Qərbin nə düşündüyü prezident İlham Əliyevin vecinə deyil və zənnimcə, bu çox təəssüfləndirici haldır. Fətullayevin məhkum edilməsi və blogerlərin situasiyası Azərbaycanın reputasiyasına ləkədir. Avropa Şurası və ABŞ bu məsələni hökumət qarşısında qaldırıb. Amma hələ ki, biz Azərbaycanda müsbət dəyişiklik görmürük. Bu, hökumətin tərsliyindən və ya bivecliyindən xəbər verir. Yaxud onlar düşünürlər ki, ABŞ-ın Azərbaycanda daha böyük maraqları və yatırımları var, və ona görə də bu növ davranışı özlərinə rəva görə bilərlər.
Sual: Ölkədə parlament seçkiləri yaxınlaşır. Hələ də müxalifətə nümayiş keçirməyə icazə verilmir və başqa azadlıqlar da məhdudlaşdırılıb. Siz seçkilər ərəfəsində əsaslı dəyişikliklər gözləyirsinizmi? Mümkündür ki, bu dəfə məsələ fərqli olsun?
Cavab: Arzu edərdim ki, bu dəfəki seçkilər ATƏT standartlarına cavab versin. Təəssüf ki, fikrimcə, biz yenidən hökumətin situasiyaya tam nəzarət etmək və müxalifət qrupları üçün fəaliyyət dairəsini məhdudlaşdırmaq səylərini müşahidə edəcəyik. Bu isə buraxılmış bir imkan olardı. Ümid edirəm ki, mən yanılıram. Ümid edirəm ki, hökumətin müdaxiləsi olmadan bütün partiyaların sərbəst iştirak edəcəyi seçkinin şahidi olacağıq. Lakin narahatam ki, hökumət əvvəlki praktikasına üz tutacaq. Bu, isə o deməkdir ki, onlar səsvermə prosesini və nəticələri tam nəzarət altına almaq istəyəcəklər.
Sual: Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan hökumətinin insan haqları sahəsində göstəricilərini yaxşılaşdırmaq üçün hökumətlə təmasları gücləndirmək lazımdır. Başqaları isə daha çox təzyiqə ehtiyac görürlər. Sizin bu məsələdə mövqeyiniz nədir?
Cavab: Hökumətlə təmas qurmaq mühümdür. Məsələn, bu ilin aprelində prezident Əliyevi Vaşinqtonda nüvə sammitinə dəvət etməmək səhv idi. Bütün regional liderlər dəvət olunmuşdu. Əliyevdən başqa. Bu, səhv idi. Habelə, ABŞ ötən aylarda Ermənistanla Türkiyə arasında barışıq səylərində bulunarkən Azərbaycana kifayət qədər diqqət yetirmirdi. Mən Hillari Klintonun Bakıya səfərini alqışlayıram. Onun səfəri müdafiə naziri Robert Geytsin səfərinin ardınca baş verdi. Lakin problem ondadır ki, ABŞ-ın burada davranışı saat kəfgirini xatırladır. Bir tərəfdən Amerika Azərbaycanda baş verənlərə, onun hökumətinə, sivil cəmiyyətinə məhəl qoymur. Sonra da kəfgir başqa istiqamətə yellənir. Və ABŞ təmasları ifrat həddə çatdırır, ən azı hökumət rəsmilərinin səfərləri baxımından. Bizə sabit kurs lazımdır.
Ötən iyuldan bəri bu ölkədə səfirimiz yoxdur. Bu vəzifəyə səfir nominasiya olunub. Şəffaflıq naminə deməliyəm ki, həmin adam mənim dostumdur. Hesab edirım ki, o, əla səfir olacaq. Ümidvaram ki, tezliklə dinləmə keçiriləcək və o, təsdiq olunacaq, çünki ABŞ-ın burada səfir saxlaması mühümdür. Bizə müntəzəm təmas kursu lazımdır – elə bir kurs ki, enerji və təhlükəsizlik məsələləri ilə bərabər demokratiya və insan haqlarının mühümlüyünü vurğulasın. Azərbaycan anlamalıdır ki, biz bu ölkədə demokratik inkişaf görmək istəyirik. Biz insan haqlarına hörmət görmək istəyirik. Zənnimcə Azərbaycanın hakim dairələrində belə bir qənaət var ki, bizim oradakı başqa maraqlarımız demokratiya və insan haqlarını üstələyir. Biz həm Bakıda bu cür düşüncəni dəyişməliyik, həm də öz siyasətimizdə bunu əks etdirməliyik.
Sual: İnsan haqları ilə bağlı sabiq ABŞ rəsmisi qismində fikirlərini açıq ifadə edən şəxs kimi siz demokratiyanı ABŞ-Azərbaycan əməkdaşlığının uzun müddətli maraqları üçün necə dəyərləndirirsiniz? Yəni, bir çox azərbaycanlıların beynində dolaşan sual budur ki, demokratiya və insan haqları Vaşinqton üçün nə dərəcədə mühümdür?
Cavab: Zənnimcə bu, çox mühümdür və ümid edirəm ki, məsələ öz mühümlüyünü Obama administrasiyasında da qoruyub saxlayacaq. Dövlət Katibi Klinton Polşada olarkən bu mövzuda yaxşı nitq söyləmişdi. Amma deməliyəm ki, Bakıda olarkən o, bu məsələni kifayət qədər işıqlandırmadı. O, müxalifət liderləri ilə görüşmədi. Səfər əsnasında sivil cəmiyyətin nümayəndələri ilə görüşdü. Lakin belə bir tendensiya var idi ki, daha çox müsbət amillər önə çəkilir, və Azərbaycanda mövcud olan problemlər və çətinliklərə diqqət verilmirdi.
Mən məsələni üçayaqli kətilə bənzədərdim. Kətilin bir ayağı enerji və iqtisadi maraqlar, ikincisi təhlükəsizlik maraqları üçüncüsü isə demokratiya və insan haqlarıdır. Mən deyərdim ki, insan haqları və demokratiya başqa ayaqlar uzunluğunda olmalıdır yoxsa bu kətil aşacaq. Ona görə də ABŞ bu məsələlərdə inad göstərməlidir. Biz tanıyırıq ki, Azərbaycanın öz inkişaf yolu var. O, Amerika və ya Fransa modelini təqlid etməyəcək. Lakin bəzi universal və fundamental insan hüquqları var ki, bunların sırasında toplaşma azadlığı, söz azadlığı, din azadlığı, mətbuat azadlığı yer alır. Bunlar ölkənin demokratik inkişafı üçün vacibdir. Və onların çəkisi həm Azərbaycanda, həm də ABŞ-Azərbaycan münasibətlərində lazımi ağırlıqda olmalıdır.