Deyvid Kramer: Putin rejiminin əsas prinsipi hakimiyyəti hər vasitə ilə saxlamaqdır


Dünyanın aparıcı biznes dərgisi olan “Forbes” Rusiya prezidenti Vladimir Putini 2013-cü ilin ən nüfuzlu adamları siyahısında birinci yerdə göstərib. “Forbes” jurnalı Rusiya liderinin ölkədə bütünlüklə nəzarəti möhkəmləndirdiyini qeyd edərək, Rusiyanın Suriyada böhranın həllində qlobal miqyasda önə keçdiyini bildirib. Prezident Putin dünyanın ən böyük neft və qaz yataqlarına malik olan Rusiyanın lideri kimi iki altı illik müddət hakimiyyətdə olacaq.

“Freedom House” institutunun direktoru Deyvid Kramer prezident Putinin yaratdığı rejimin əsas prinsipinin hökumətin hər vasitə ilə saxlanmasından ibarət olduğunu bildirib. Amerikanın Səsinə müsahibə verən Deyvid Kramer deyib ki, Rusiyada çürümüş və korrupsioner avtoritar siyasi bir sistem mövcuddur: “Bu avtoritar rejimi Vladimir Putin idarə edir. Lakin burada bir sistem də mövcuddur. Putin hakimiyyəti itirə bilər, lakin onun yaratdığı sistem qalmağa davam edəcək. Rejimin əsas məqsədi hər yolla hakimiyyətdə qalmaqdan ibarətdir, çünki Vladimir Putin əsasında onun yaratdığı metodların olduğu hakimiyyəti əldən verə bilməz. Bunun nəticəsi ən yüksək səviyyələr də daxil olmaqla korrupsiyadır, bir də ölkədən maliyyə axını, çünki bir çox investor Rusiyanı kapital qoyuluşu üçün etibarlı yer hesab etmir. Ölkədə qanunun aliliyi prinsipi işləmir, buna görə də şirkətlər və ayrı-ayrı sahibkarlar qeyri-müəyyənlik şəraitində işləməli olur. Bu da bizim üçün ən böyük problemlərdən biridir.”

Rusiyanın qonşularla siyasətindən danışan Deyvid Kramer Kremlin post sovet ölkələrin hökumətlərinə Avropa İttifaqı ilə yaxınlaşmanın qarşısını almaq üçün təzyiqləri davam etdirdiyini deyib: “Ukrayna, Moldova, Ermənistan və Gürcüstan hökumətlərinə Avropa İttifaqı ilə razılşmaları imzalalamaq üçün təzyiqlər göstərilir. Ukraynada bu, əks reaksiya yaratdı, belə ki, Avropa İttifaqı ilə yaxınlaşma tərəfdarlarının birləşməsinə gətirib çıxardı. Təkrar edirəm, məhz Rusiya tərəfindən təzyiqlərə görə. Qeyd etmək istəyirəm ki, heç bir simpatiya bəsləmədiyim Aleksandr Lukaşenko da Qərblə əlaqələrin möhkəmlənməsində maraqlıdır. Yenə də Moskvadan gələn təzyiqə görə. Qərb üçün əsas məsələ bundan ibarətdir ki, Rusiyanın qonşularına Moskvanın nəzərindən deyil, vəziyyətə demokratiya, insan hüquqları və qanunun aliliyi nöqteyi-nəzərindən baxılmalıdır.”

“Freedom House” institutunun direktoru Rusiyanın son zamanlar imicini yaxşılaşdırmağa səy göstərdiyini qeyd edib. O, ingilis dilində Rusiya və dünya xəbərlərini yayımlayan Russia Today tele-kanalı, həmçinin Washington Post New York Times qəzetlərində Russia Now reklam səhifələrini buna misal olaraq göstərib: “Lakin qeyd etməliyəm ki, amerikalılar buna aldanmır. Onlar bunun avtoritar rejimin təbliğatı olduğunu başa düşür. Bu, hökumət tərəfindən idarə edilən və Kremlin dəstəklədiyi kütləvi informasiya vasitələridir. Onlar məharətlə işləyir. Lakin Russia Today tele-kanalının verilişlərinə baxdıqda hər proqramda güclü anti-Amerika əhval-ruhiyyəsini hiss etməmək mümkün deyil. Russia Now reklamının da Kreml tərəfdarı mövqeyi açıq-aşkar görünür. Bütün bunlar insan hüquqlarının pozulması fonunda baş verir. Vladimir Putin dövründə əsl Rusiya budur. Bəzi cəsur ruslar bununla mübarizə aparıb. Onlardan biri Mixail Xodorkovskidir. Anna Politkovskaya və Sergey Maqnitskiyə isə bu, həyatları bahasına başa gəlib.”

Deyvid Kramer ABŞ-ın Rusiyada insan hüquqlarının pozulması hallarını tənqid etməklə yanaşı, eyni zamanda Rusiya ilə Suriya böhranı kimi müxtəlif sahələrdə əməkdaşlıq apara bilməsini qeyd edib. Lakin o, insan hüquqları və qanunun aliliyi məsələlərinə diqqət verilməli olduğunu vurğulayıb:”İnsan hüquqları pozulduqda bizim mövqeyimiz aydın və birmənalı olmalıdır. Biz lazım olanda Rusiya hökuməti ilə əməkdaşlıq apara bilərik. Suriya böhranı buna sübutdur. Lakin unutmaq lazım deyil ki, Suriya məsələsində əməkdaşlıq Putinin silah, kəşfiyyat məlumatları və başqa yollarla Əsədə Suriya xalqını əzməyə kömək etməsindən sonra başladı. Həm də ABŞ prezidenti və Amerikanın başqa rəsmilərinin təxminən iki ay bir müddət ərzində Rusiyada vəziyyəti kəskin tənqid etməsindən sonra. Başqa sözlə, biz opponent geri çəkilməyə məcbur edə bilərik. Yenə də təkrar edirəm, biz bir tərəfdən Rusiyada insan hüquqlarının pozulması hallarına qarşı çıxış edə bilərik, eyni zamanda Rusiya ilə Suriyada kimyəvi silahlar məsələsində əməkdaşlıq apara bilərik. Lakin əsas burada rejimin mahiyyətidir. Putin rejiminin mahiyyəti vətəndaş hüquqları hörmət edilməməsi, qanunun aliliyinə riayət edilməməsi və hökumətin öz xalqı ilə rəftarından ibarətdir. Biz də buna diqqət yetirməliyik.”