Devid Kramer: Qarabağı bəhanə etməklə demokratik islahatları yubatmaq olmaz

  • Əsgər Möhsümoğlu

Freedom House təşkilatının icraçı direktoru Devid Kramer Amerikanın Səsinə müsahibə verib

Vaşinqtonda qərargahlanan Freedom House təşkilatının icraçı direktoru Devid Kramer Amerikanın Səsinə müsahibədə Azərbaycanda demokratiya və insan haqları sahəsində ciddi geriləmələrin olduğunu deyib. Azərbaycanda sivil cəmiyyət və müstəqil mətbuat nümayəndələrinə qarşı basqıları tənqid edən cənab Kramer Azərbaycan hökumətini demokratik islahatlara başlamağa çağırıb.

Sual: Azərbaycanda demokratiya və insan haqları durumunu necə qiymətləndirirsiniz? Narahatlıq doğuran başlıca sahələr hansılardır?

Cavab: Freedom House özünün bir neçə hesabatında ölkələri siyasi hüquqlar və mülki azadlıqlar üzrə göstəricilərə əsasən sıralayır. Biz mətbuat azadlığı barədə hesabatımızda ölkələri müstəqil medianın durumuna müvafiq olaraq səciyyələndiririk. Azərbaycana gəldikdə, göstəricilər yaxşı deyil. Biz ölkələri, azad, qismən azad və azad olmayan kateqoriyalara bölürük. Azərbaycan azad olmayan ölkələr kateqoriyasındadır. Zənnimcə son vaxtlarda baş verənlər göstərir ki, Azərbaycanda durum yaxşılaşmır, daha da pisləşir. Ötən il ölkədə seçkilər pis keçirildi. Biz jurnalistlərə və blogerlərə qarşı təzyiqlərin artdığını görürük. Təkcə ötən həftə Azərbaycanda nüfuzlu Sülh və Demokratiya İnstitutunun yerləşdiyi binanı hökumət rəsmiləri heç bir bildiriş olmadan yerlə-yeksan etdilər. Bunlar göstərir ki, hökumət rəsmilərinin insan haqlarına hörməti azalır, yaxşılaşmır. Təkcə ABŞ və Freedom House-da deyil, eləcə də Avropa və başqa yerlərdə müşahidəçilər Azərbaycandakı situasiyadan xeyli narahatdırlar.

Sual: Siz bu yaxınlarda Washinqton Post qəzetində yazdığınız məqalədə Belarus prezidenti Aleksandr Lukaşenkonu Avropanın “sonuncu diktatoru” adlandırdınız. Bu mənzərədə İlham Əliyev hansı yeri tutur?

Cavab: Mən onu diktator adlandırmazdım.Mən deyəridm ki, Azərbaycan yarı-avtoritar dövlətdir. Yəni, Azərbaycanda söz sahibi təkcə bir adam deyil. Bu, hökumət daxilində kiçik çevrədən ibarətdir. Prezident Əliyev əlbəttə ki, burada əsas rol oynayır. Amma bir çox müşahidəçilər inanırlar ki, hökumətdə başqa rəsmilər, məsələn, prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev də mühüm rol oynayırlar. Mən prezident Əliyevi Lukaşenko ilə eyni kateqoriyaya qoymazdım. Amma mən onu qətiyyən demokratik lider nümunəsi kateqoriyasına da şamil etməzdim.

Mən Dövlət Departamentində çalışanda iki dəfə Azərbaycana səfər etdim və prezident Əliyevlə görüşdüm. Bizim çox uzun və faydalı söhbətimiz oldu; faydalı - o baxımdan ki, səmimi fikir mübadiləsi baş verdi. Lakin deməliyəm ki, günün sonunda müsbət mənada - insan haqları, qapadılmış xarici teleradio proqramlarının yayımının bərpası və həmin vaxt həbsdə olan jurnalistlər və blogerlərin azadlığa buraxılması məsələsində heç nə baş vermədi. Mən təəssüf edirəm ki, Azərbaycan rəhbərliyi ölkəni demokratik istiqamətə aparmır.

Sual: Azərbaycan mətbuatında tez-tez belə bir fikir səsləndirilir ki, Qərb demokratiya və insan haqları tələblərindən Əliyev hökumətinə qarşı enerji və Qarabağ məsələlərində güzəşt qoparmaq üçün təzyiq vasitəsi kimi istifadə edir. Buna əsas kimi tələblərdə ardıcıllığın olmaması və Azərbaycan hökumətinə qarşı real təzyiqlərin yoxluğu önə çəkilir. Sizin bu fikrə münasibətiniz?

Cavab: Hesab edirəm ki, ABŞ və başqa demokratik hökumətlər Azərbaycana rəğmən üçayaqlı kətil yanaşmasına sadiq qalmalıdırlar. Azərbaycan təhlükəsizliyə gəldikdə əhəmiyyət kəsb edir. Azərbaycan enerji maraqları baxımdan da önəmlidir. Amma Azərbaycan insan haqları baxımdan da mühüm olmalıdır. Mən həmişə bu dayaqlara bərabər diqqət ayrılmasının tərəfdarı olmuşam. Çox zaman demokratiya və insan haqları yanaşma kətilinin qısa ayağı olub. Bu ayaq uzadılmalıdır - təhlükəsizlik və enerji qədər əhəmiyyət kəsb etməlidir.

Dağlıq Qarabağ Azərbaycan hökuməti üçün demokratik islahatlardan yayınmaqda bəhanə olmamalıdır. Biz tez-tez hökumət rəsmilərindən və tərəfdarlarından eşidirik ki, biz müharibə şəraitindəyik ona görə də demokratiya ola bilməz. Mən deyərdim ki, həqiqət bunun tam əksidir. Ölkə münaqişədə olanda onun demokratik institutlara və prinsiplərə riayət etməsinə daha çox ehtiyac var. Azərbaycan hökuməti irəlyə doğru hərəkət etməmək üçün Qarabağı əldə bəhanə etməməlidir. Onu da deyim ki, regiondakı başqa ölkələri də demokratik standartlara cavabdeh tutmaq vacibdir. Mən bunu hökumətdə olarkən deyirdim və indi Freedom House-da tutduğum vəzifədə də deyirəm.

Sual: Hər seçkidən seçkiyə beynəlxalq təşkilatlar Azərbaycanın demokratiya üzrə göstəricilərini tədricən inkişafda olan bir proses kimi qiymətləndirirlər. Biz tez-tez “irəliyə doğru addım” ifadəsini eşidirik. Siz hesab edirsinizmi ki, İlham Əliyev hökuməti demokratiyaya doğru addım atır?

Cavab: Mən arzu edərdim ki, Azərbaycan demokratik islahatlar cığırında olaydı. Ötən seçkilər əvvəlkilərdən daha pis idi. Jurnalist və blogerlərə təzyiqlər və hücumlar artır. Sülh və Demokratiya İnstitutunun başına gələnlər göstərir ki, insan haqları təşklilatları ilə rəftar pisləşir.

Azərbaycan çox çətin bir qonşuluqda yerləşir. Rusiya azad olmayan ölkədir. İran insan haqları və demokratiya sahəsində ən pis rejimlərdən biridir. Kənardan Azərbaycana müxtəlif təzyiqlərin olması diktə edir ki, Azərbaycan demokratik istiqamətdə hərəkət etsin. Mümkündür ki, bu təzyiqlər nə vaxtsa materiallaşsın. Heç kim belə bir situasiyanı görmək istəməzdi. Daha yaxşı olardı ki, hökumət müxalifət və sivil cəmiyyətlə birgə işləyərək ölkəni demokratik istiqamətə aparsın. Müxalifət və sivil cəmiyyəti əzmək partlayış ssenarisinə gətirib çıxara bilər ki, heç kəs bunu görmək istəmir.

Sual: Sizin rəhbərlik etdiyiniz Freedom House Azərbaycan kimi ölkələrdə dəyişikliyə necə təsir göstərir?

Cavab: Mən təşkilatımızın nüfuzunu şişirtmək istəməzdim. Əlbəttə, hesab edirəm ki, Freedom House-un təsiri var. 1972-ci ildən bəri bizim hər il hazırladığımız dünya azadlıqları indeksi hökumətlərin diqqətini, o cümlədən Azərbaycan hökumətinin diqqətini cəlb edir. Onlar bizim Azərbaycana verdiyimiz qiymətləri xoşlamırlar. Onlar düşünürlər ki, bu, ədalətsizlikdir. Onlar bizi ikili standartlarda ittiham edirlər. Bu yaxınlarda Əli Həsənov Freedom House təşkilatını qeyri-obyektivlikdə, ermənipərəstlikdə ittiham edib. Biz Azərbaycana yalnız Azərbaycan prizmasından baxırıq, başqa ölkələr prizmasından yox. Ümid edirəm ki, bizim tənqidlərimiz konstruktiv qəbul olunacaq. Mən ölkənin demokratik olmasını görmək istəyirəm. Bu, ilk öncə Azərbaycan xalqının xeyrinə olardı. Öz növbəsində, bu, Azərbaycanı Avropa və Amerikada demokratik hökumətlərin etibarlı tərəfdaşına və müttəfiqinə çevirərdi.