Devalvasiyalar azərbaycanlıların süfrəsindən nəyi çıxarıb? [Video]

AzadlıqRadiosunun araşdırması

Azərbaycanda aztəminatlı ailələr necə qidalanır? Bahalanma onların süfrəsinə necə təsir edib?

Məsələn, keçən il ərzaq inflyasiyası rəsmi statistikaya görə, təqribən 16 faiz olub, amma bu il işsizliyə görə müavinət 10 faiz, pensiyalar 6 faizə yazın artıb.

Hazırda ölkə üzrə minimum əməkhaqqı 130 manatdır.

Bakı sakini Gülnarə Muradova minimum əməkhaqqından bir az çox, 180 manat maaş alır. Deyir ki, süfrəsindən əti çıxarıb:

“Ət yağ ala bilmirəm, ətin kq-ı görün neçəyədir, ala bilmirəm. Özünüz soyuducuya baxa bilərsiz”.

Gülnarə Muradova deyir ki, üç yerdə işləməyə məcburdur ki, əsgərlikdə olan oğlunun da yanına gedib gələ bilsin.

Hökumət, Gülnarə Məmmədova kimi dövlətdən minimum məvacib alanların gəlirini minimum istehlak səbətinə uyğun olaraq hesablayır. Bu səbətin içində nələr olmalıdırsa, onları Nazirlər Kabineti 2014-cü ildə təsdiqləyib.

Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Toğrul Maşallı deyir ki, həmin minimum istehlak səbəti əsasında hökumət minimum maaşı, ünvanlı sosial yardımın məbləğini hesablayır:

Toğrul Maşallı

"Dünya Səhiyyə Təşkilatı əvvəllər istehlakı kq-la göstərirdi, indi isə kilokalori ilə edir. 2014-ci il göstəricisinə görə, bir insanın gündəlik istehlak kalorisi 2100-dür. Amma bizdə minimum istehlak səbətini kalori ilə hesablayanda adama gündə 1300-1500 kalori edir. Bizdəki norma zəif inkişaf etmiş ölkələrə aiddir".

Azərbaycan hökumətinin müəyyən etdiyi adambaşına minimum ət istehlakı 32 kq olduğu halda, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, qonşu Ermənistanda 45 kq, Gürcüstanda 25 kq, Rusiyada 62 kq, Ukraynada 48 kq, inkişaf etmiş Qərb ölkəsi Almaniyada 88 kq-dır.

Azərbaycanın ərzaq səbətinə görə, bir əmək qabiliyyətli adamın bir gündə minimum meyvə, giləmeyvə və tərəvəz istehlakı üst-üstə 37 qram edir.

Amma Ümumdünya Səhiyyə Təşkilatı böyük adam üçün bundan 10 dəfə çox, gün ərzində 400 qram meyvə-tərəvəz yeməyi tövsiyə edir.

Azərbaycanda qeyri-hökumət təşkilatı olan İqtisadi Tədqiqatlar Mərkəzi hesablayıb ki, son iki ildə inflyasiya ikirəqəmli olub, qiymətlər 25-30 faiz artıb. Pensiya və əmək haqları isə ən yaxşı halda 10 faiz artıb. Qiymətlərlə gəlir arasındakı bu fərqi adi vətəndaşlar öz süfrələrində necə idarə edirlər?

Bahalaşma və kasıblıq onları süfrəyə necə əl gəzdirməyə məcbur edir. Bu suallara Bakıda bir neçə vətəndaşdan cavab xahiş etmişik:

İqtisadi təhlilçi Toğrul Maşallı isə deyir ki, minimum gəlirlə yaşayanların həyat şəraitini yaxşılaşdırmaq üçün minimum istehlak səbətinə yenidən baxmaq lazımdır:

“Bizdə əgər minimum səbətdə 30-40-a yaxın mal və xidmətlər istifadə olunursa, başqa ölkələrdə bu rəqəm 300-400 arasındadır. Xüsusilə də geyimlər üçün normativ aşağıdır".

Hökumətin minimum istehlak səbətinə yenidən baxmaq planı varmı? Nazirlər Kabinetinin bu tənqid və təkliflərə cavabı nədir? Qurumun mətbuat xidmətindən bildirdilər ki, suallarımızı araşdırıb, cavab verəcəklər. Göndərdiyimiz suallara cavab gəldikdə, onlarla sizləri də tanış edəcəyik.

Azərbaycanda iqtisadi durum 2014-cü ilin sonunda neftin ucuzlaşmasından sonra pisləşib, son bir ildə isə neftin qiyməti nisbi artıb, 70 dollara qalxıb, iqtisadçılar bu il ərzaq inflyasiyasının keçən ilkindən az olsa da, bütün hallarda yenə ikirəqəmli olacağını gözləyirlər.