"DES" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq - külli miqdarda zərər vurmaqla törədildikdə) cinayət işi başlanıb, MMC-nin vəzifəli şəxsləri - Asəf Hacı-İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov iyulun 16-da şübhəli şəxs qismində tutulub.
Bir sıra KİV-lər “DES”-in vəzifəli şəxslərinin saxlanmasında mənzillərin kvadratmetrini 1500 manatdan artıq qiymətə satan monopolist tikinti şirkətlərinin rəhbərlərinin rolu olduğunu bildirir.
DES-in hər üç vəzifəli şəxsi həbslərindən bir gün qabaq mətbuat konfransı keçirərək “Sovetski” sakinlərinin problemini sadə yolla - mənzil-tikinti kooperativi yaratmaqla həll etmək niyyətini bildirib.
“Sosial layihə” kimi təqdim edilən ideyadan şirkət yaxşı gəlir gözlədiyini bəyan edib. “Des Consulting” şirkətinin prezidenti Asif Hacı-İsmayılov bildirib ki, Bakının Gəncə prospektində 16 mərtəbəli bina tikintisi layihəsi hazırlanıb. On bloklu binada 810 ailə yerləşdirmək planlaşdırılır. “Hesablamalara görə, təmirsiz mənzilin 1 kv metri 380 manata təklif edilir. Sakinlər yaşadıqlarından iki dəfə çox mənzil sahəsi ala bilər”, deyə o qeyd edib.
İdeyaya əsasən, kooperativ üzvləri 100% pay iştirakı ödəyəcək. Pay fondunun 80%-i formalaşandan sonra seçilən tikinti şirkəti (“Həyat İnşaat”) tikintiyə başlayacaq. Bina 18 aya istismara veriləcək. Mətbuat konfransında aydın olub ki, şirkət bina tikintisi üçün torpaq almaq niyyətində deyil. Hesab edilir ki, Bakı ŞİH prezident İlham Əliyevin dəstəyi ilə uzunmüddətli istifadə üçün torpaq sahəsi ayıracaq.
Öz növbəsində Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatında deyilir ki, Bakı şəhər sakini Asəf Hacı-İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş "DES" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri "Köhnə bakılılara yeni ev" şüarı altında sayt yaradıb, vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdirib.
İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq cəmiyyətin ofisində aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sənədlər, möhür, ştamp, müqavilə və ərizə formaları, 9 bloklu evin ümumi və ayrı-ayrı otaqlarının, mərtəbələrinin sxemləri, 3 ədəd kompüter və 1 noutbuk, həmçinin, iki nəfərlə 65.000 və 25.000 manat dəyərində mənzillərin alqı-satqısına dair imzalanmış müqavilələr, eləcə də 20-yə yaxın şəxsin müvafiq ərizələri götürülüb.
Göründüyü kimi, məlumatda şikayətçi və zərərçəkənlər barədə məlumat verilmir. “DES”-in vəzifəli şəxslərinin kimləri aldatdığı və əmlakını ələ keçirməsi barədə də məlumat yoxdur.
Bakı şəhər prokurorunun köməkçisi Günel Məmmədova Turana bildirib ki, istintaq davam edir və medianın “DES” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin saxlanmasına tikinti monopolistlərinin təsirinin olması barədə yazılanlarının əsası yoxdur. “Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin yaydığı məlumatda cinayət işinin qaldırılması və vəzifəli şəxslərin saxlanması ilə bağlı kifayət qədər geniş və ətraflı məlumat verilib”, o qeyd edib.
Vəkil İradə Cavadova Turana bildirib ki, Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin yaydığı məlumat dələduzluq ittihamının irəli sürülməsi üçün əsas vermir. “Məlumatda cinayət faktı yoxdur. Burada zərərçəkən, şikayətçi yoxdur. Eyni zamanda hələ ev tikilməyib, kimlərdənsə pulun alınıb mənimsənilməsi barədə məlumat yoxdur. Əmlakın mənimsənilməsi, ələ keçirilməsi faktı da yoxdur. Elə isə hansı əsaslarla cinayət işinin qaldırılması təəccüb doğurur”, vəkil bildirib.