Bəhram və Bəhmən Ərk qardaşlarının İran Azərbaycanında çəkdiyi türkdilli “Dəri” filmi İrann müxtəlif vilayətlərində böyük ekranlara çıxıb.
Oktyabrın 13-də Təbrizin Qüds kinoteatrında ekrana çıxan film hazırda ölkənin müxtəlif şəhərlərində 100-ə yaxın kinoteatrda nümayiş etdirilir.
Xəbər agentliklərinin “İran kinosunun ilk professional türkdilli filmi” olaraq təqdim etdiyi “Dəri” ilk ekran günlərində yüksək satış rəqəmləri əldə edib.
Fantastik dəhşət dram janrında çəkilmiş “Dəri” filmi 38-ci Beynəlxalq Fəcr Festivalının “Sənət və Təcrübə” bölümündə “Büllur Simurğ” mükafatını almağa nail olub. Festivalın ən yaxşı film musiqisi mükafatı da həmin filmin musiqisini bəstələyən Bamdad Afşara verilib.
Filmin rejissor və ssenaristi olan Ərk qardaşların dediyinə görə, “Dəri”-nin hekayəsi “Azərbaycanda rəvayət edilən əfsanələrdən alınıb.”
“Filmdə müxtəlif dönəmlərin əfsanələrindən bəhs olunur. Musiqi olaraq Şaman musiqisindən istifadə etməyə qərar verdik. Düşündük ki, bu növ ‘cinləri oxumaq’ filmə uyğundur,” Bəhmən Ərk daha əvvəl keçirilən filmin mətbuat konfransında söyləyib.
Dəri filmi ilk ekran günlərində yüksək satış rəqəmləri əldə edib.
Bəhram Ərk həmin konfransda deyib ki, “türk dilində film çəkmək mədəni bir imtiyaz ola bilər, ancaq bu növ filmlərin istehsalı çətindir. Biz film haqqında rəyləri gözləyirik ki, türk dilində bu növ filmlər çəkməyə davam edib- etməyəcəyimizə qərar verək.”
Dəri filmi kino tənqidçilərindən də müsbət rəy və alqışlar alıb.
“Biz daha əvvəl də dəhşət filmi gördük. Amma o filmlərdə gördüyümüz qorxu İran mədəniyyətinə aid deyildi. “Dəri” filmindəki həyəcan və qorxu İran mədəniyyətindən alınıb,” kino tənqidçisi Səhər Əsr-Azad söyləyib.
İran mətbuatında “qeyri-ənənəvi” və “bambaşqa” bir əsər olaraq təqdim edilən “Dəri” filmi anasının sehr və ovsun işləri ilə məşğul olan aşıq bir gəncin hekayəsini anladır.
SEE ALSO: İranın Fəcr Kino Festivalında ‘türkcə film’ polemikasıKeçən bir neçə ildə İran Azərbaycanında çəkilən türkdilli filmlər İrandan əlavə Türkiyədə də kino tənqidçiləri tərəfindən geniş rəğbət və alqışla qarşılaşırlar. Daha əvvəl Amerikanın Səsinə müsahibə verən rejissor Rza Siyami hesab edir ki, “son illərdə İranda türkcə film istehsalı düşünüldüyündən daha sürətli və daha güclü bir şəkildə irəliləyib.”