Parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyası beşinci gündür davam etdirilir.
Aclıq aksiyası Müsavat Partiyasından deputatlığa namizəd Elman Quliyev tərəfindən fevralın 27-də başlanıb. Fevralın 28-də aksiyaya Müsavat Partiyasından başqa bir deputatlığa namizədi, Elşad İsrafilov qoşulub.
“Bu gün, martın 2-də Elman Quliyevin səhhətində problemlər yaranıb. Onun qan təzyiqi 90/60 düşüb. Həkimlər Quliyevə dərman qəbul etməsini məsləhət bilsələr də, o bundan imtina edib. Hər iki deputatlığa namizəd aclığı davam etdirir,” Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Müstafa Hacıbəyli Amerikanın Səsinə bildirib.
Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK artıq seçkilərə yekun vuraraq nəticələrin təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib. MSK-nin nəticələrinə görə, seçki dairələrinin yarıdan çoxunda hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri liderlik edir. Seçkilərdə müxalif siyasi partiyaların bir nəfər deputalığa namizəd (ReAL Partiyasının üzvü Erkin Qədirli istisna olmaqla) belə liderlər sırasında deyil.
Seçkilərdə iki yüzdən çox müxalifətdə olan siyasi partiyaların üzvləri və müsatəqil deputatlığa namizəd iştirak edib.
Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası bildirib ki, Azərbaycanda seçkilər demokratik mühitdə keçirilməyib, həqiqi rəqabət və seçim olmayıb.
MSK şikayətlərin araşdırılması nəticəsində 4 seçki dairəsində səsvermənin nəticələrini etibarsız sayıb. Bununla yanaşı çoxsaylı müxalif və müstəqil deputatlığa namizədlər MSK-nin səsvermənin bütövlükdə nəticələrini etibarsız sayması üçün yetərincıə qanun pozuntularının olduğunu iddia edir.