Deputat İran prezidentinin impiçmentinin qüvvədə qaldığını bildirib

Deputat İran prezidentinin impiçmentinin qüvvədə qaldığını bildirib

İyunun 26-da İran parlamentinin 100 deputatı prezident Mahmud Əhmədinejadın impiçment olunması üçün parlamentin Rəyasət Heyətinə müraciət edib. İmpiçment layihəsində Əhmədinejada 11 sual ünvanlanıb.

İran parlamentinin Təbrizdən seçilən deputatı Məsud Pezeşgiyan iyulun 26-da jurnalistlərə açıqlamasında qanunu icra etmədiyinə görə prezident Mahmud Əhmədinejadın haçansa deputatlar qarşısında dayanıb, onların suallarına cavab verməli olacağını bildirib.

İyunun 26-da İran parlamentinin 100 deputatı prezident Mahmud Əhmədinejadın impiçment olunması üçün parlamentin Rəyasət Heyətinə müraciət edib. Müraciət mühafizəkar deputat Əli Mütəhhərinin təşəbbüsü ilə hazırlanıb. İmpiçment layihəsində Əhmədinejada 11 sual ünvanlanıb. Suallardan 3-ü iqtisadi duruma, 3-ü qanun pozuntularına, 3-ü siyasi, 2-si isə mədəniyyət sahəsinə aiddir.

İyunun 27-də parlamentin Rəyasət Heyətinin üzvü Məhəmməd Dehqan impiçment müraciətinə baxıldığını və müvafiq qərar çıxarıldığını açıqlayıb. Dehqan deyib ki, ölkənin indiki həssas şəraitində Əhmədinejadın impiçment olunması hökumətlə parlament arasında əlaqələri zəiflədəcək, bu isə ölkənin xeyrinə deyil: “Rəyasət Heyətinin üzvlərinin əksəriyyəti ölkənin indiki həssas durumunu nəzərə alaraq prezidentin impiçment olunmasını məqsədəuyğun saymadı. Onlar hesab edirlər ki, indiki şəraitdə bu, ölkənin xeyrinə deyil. Rəyasət Heyətinin iclasında qərara gəlindi ki, Əli Mütəhhəri ilə görüş keçirilərək ölkədəki hazırkı həssas şərait ona izah edilsin və xahiş olunsun ki, prezidentin impiçmentinə dair layihə hələlik parlamentin gündəliyinə çıxarılmasın”.

“Media forum” saytının məlumatına görə, Məsud Pezeşgiyan deyib ki, deputatların prezidenti impiçment etmək niyyəti qüvvədə qalır: “Deputatlar hesab edirlər ki, parlamentin qəbul etdiyi hər bir qərarı hökumət icra etməlidir. Prezidenti dindirmək, ona sual vermək qanunidir. Heç kəs deputatları məcbur edə bilməz ki, bu tələblərini geri götürsünlər. Elə buna görə də prezident gec-tez deputatların qarşısında dayanıb qanunun icra olunmamasının səbəbi barədə suallara cavab verməlidir. Rəyasət Heyətinin impiçmenti dayandırması bu niyyətdən tamamilə imtina edildiyi anlamına gəlmir. Bizim Əhmədinejada verəcəyimiz əsas sual budur ki, niyə qanunu icra etmir”.