Deputat: 'Bahalığa səbəb sahədən bazara qədər maneələrdədir'

Fazil Mustafa

"Heç bir işadamı məhsulu baha qiymətə təklif edib, onun çox hissəsinin əlində qalmasına razı olmaz. Amma bazara birbaşa çıxış maneələri bu bahalığı yaradır".

Deputat Fazil Mustafa bunu bazarlarda mövcud qiymətləri dəyərləndirərkən bildirib.

Deputat deyib ki, iş adamları bahalıqda maraqlı olmurlar: "Burada bahalığa əsas səbəb sahədən bazara qədər olan maneələrdədir".

Fazil Mustafa vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi biznes kreditləri ilə bağlı fermerlərə kömək etməyə çalışır, amma banklar bu səyə dəstək vermirlər: "Nə qədər desələr də, iş adamlarının kreditlər alması, texniki vasitələrlə təminatında problem var. Bəzi hallarda süründürməçilik var ki, özüm belə halların şahidiyəm".

Deputat qeyd edib ki, inhisar da, möhtəkirlik də bu "aralıq maneələr" çərçivəsindədir və onu aradan qaldırmaq lazımdır: "Bunu da deyim ki, bu bahalıqda ən sonuncu həlqə satıcılardır. Bu bahalığın görünən tərəfidir. Amma məhsulun istehlakçıya çatana qədərki "aralıq maneələr"i istehlakçı görmür və hamı bahalığa səbəb kimi satıcını görür. Məhsulun daşınması, satış nöqtələrinə çatdırılması, bazarlara yerləşdirilməsi topdansatışın əlindədir. İnhisar bahalıq doğurur. Ona görə də bu problem həlini tapmadan inkişaf olmayacaq. Bütünlükdə qida ərzağı üzərində bütün inhisarlar ləğv olunmalıdır".

Xatırlatma

Bu günlərdə baş nazirin müavini Əli Əhmədovla kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda kənd təsərrüfatı yarmarkası, "Yaşıl bazar" və paytaxtdakı supermarketlərdən birinə baxış keçiriblər. Baş nazir "Yaşıl bazar"da satıcıların birindən kartofun qiymətini soruşub. Satıcıdan "iki manat" eşidincə Əli Əhmədovqiymətin baha olduğunu deyib: "Yayın ortasında iki manata kartof olmaz, bahadır, çox bahadır. Qiyməti endirmək lazımdır".

Baş nazirin sözlərinə görə, ölkədə süni qiymət artımı var.

Müstəqil iqtisadçılar isə son vaxtlar qiymət artımını məhsul qıtlığı və inhisarlarla izah edirlər.

AzadlıqRadiosu