Danimarkada "terror aktına hazırlıq şübhəsi" ilə bir neçə nəfər həbs edilib

Danimarkanın baş naziri Mette Frederiksen

Danimarka polisi cümə axşamı bir neçə nəfəri həbs etdiyini və bu əməliyyatın "terror aktına hazırlıq şübhəsi ilə" həyata keçirdiyini bildirib.

Həbslər "koordinasiyalı" olaraq, Danimarkanın bir neçə yerində cümə axşamı səhər tezdən həyata keçirilib.

Təfərrüatlar barədə məlumat verilməyib. Kopenhagen polisi və Danimarkanın Daxili Kəşfiyyat Xidməti daha sonra mətbuat konfransı keçirməli idi.

Danimarkanın Baş naziri Mette Frederiksen Brüsseldə keçirilən Avropa İttifaqı sammitində "Bu, son dərəcə ciddi məsələdir. Təəssüflər olsun ki, bu, Danimarkadakı vəziyyəti göstərir" deyib.

"Hər ikisinin (Danimarkanın kəşfiyyat orqanlarının) Danimarkada yüksək riskin olduğunu demələri tamamilə doğrudur. Əlbəttə, İsrail və Qəzzadan və ya dünyanın başqa bir yerindən münaqişəni Danimarka cəmiyyətinə daşıyan birinin olması tamamilə qəbuledilməzdir" - deyə, Frederiksen bildirib.

Hazırda Danimarkada terror təhlükəsi dördüncü səviyyədədir. İkinci səviyyə ən yüksək hesab edilir.

Bu ayın əvvəlində Avropa Birliyinin daxili işlər üzrə komissarı İlva Yohansson İsraillə Fələstinin HƏMAS militant qruplaşması arasındakı müharibənin nəticələrinə görə, Milad bayramı zamanı Avropanın "böyük terror hücumları riski" ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

2022-ci ilin iyulunda Kopenhagendə ticarət mərkəzində silahlı şəxs 3 nəfəri öldürüb, 7 nəfəri yaralayıb. Qurbanların zombi olduğuna inanan şəxs iyul ayında qorunan tibb müəssisəsində həbs cəzasına məhkum edilib.

2015-ci ildə 22 yaşlı danimarkalı müsəlman Kopenhagendə söz azadlığı tədbirində və sinaqoqda iki nəfəri öldürmüş, beş nəfəri yaralamışdı.

Müsəlman ölkələrdə İslamın müqəddəs kitabının təhqir olunması ilə bağlı etirazların Danimarkanın təhlükəsizliyinə hədə ola biləcəyinin narahatlıqlara səbəb olmasından sonra Danimarka parlamenti cümə axşamı ictimai yerlərdə Qurani-Kərim nüsxələrinin yandırılmasını qadağan edən qanun layihəsini qəbul edib.

Danimarka Qurani-Kərimin yandırılmasının İslamçıların hücumlarına səbəb olacağı qorxusu fonunda konstitusiya ilə qorunan söz azadlığı, o cümlədən dini tənqid etmək qanunları ilə milli təhlükəsizlik arasında balans yaratmağa çalışıb.