ABŞ prezidenti Donald Trampın tərəfdarı Sezar Sayok prezidentin tənqiçilərinə içində partlayıcı maddələr olan azı 13 bağlama göndərməkdə ittiham olunur. Sayok bazar ertəsi məhkəmə qarşısına çıxarılır.
ABŞ xəbər agentlikləri bildirir ki, 56 yaşlı Sayokun Florida ştatının Mayami şəhərində federal hakim qarşısına çıxacağı gözlənilir. O, cümə günü Mayami yaxınlığında öz mikroavtobusunun yanında tapılıb.
Onun maşının bəzi pəncərələri Trampa dəstəyini ifadə edən plakatlarla və onun partlayıcı cihazlar göndərdiyi insanların şəkilləri ilə örtülüb.
Sayok göndərilən bombalarla əlaqədar olaraq, beş ayrı ittihamla üzləşir. Partlayıcılarla dolu bağlamalar sabiq prezident Barak Obama, sabiq vitse-prezident Co Bayden, sabiq dövlət katibi və Donald Trampın 2016-cı ildə keçirilən prezident seçkilərindəki rəqibi Hillari Klinton da daxil olmaqla prezident Trampın aparıcı demokrat rəqiblərinə göndərilib. Bağlamaların heç bir partlamayıb.
Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey deyib ki, bağlamaların içində 13 əldə düzəldilmiş partlayıcı cihaz gödərilib. Hər bağlamanın içində təxminən 15 santimetrlik PVC borusu, kiçik saat və partlayıcı materiallar olub.
Baş prokuror Ceff Seşşıns bildirib ki, Sayok gühankar bilinsə, 58 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Sayok daha öncə də onlarla dəfə Floridada hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Buna 2002-ci ildə bomba hücumu ilə hədələdiyinə görə, həbsi daxildir.