"Demokratiya 1918" Hərəkatının İdarə Heyəti üzvünə 30 sutka inzibati həbs cəzası verilib

Afiaddin Mammadov and Elvin Feyruzzade

Noyabrın 12-də “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib.

Noyabrın 11-də gecə saatlarından bəri “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədov və Hərəkatın İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin rəhbəri Elvin Feyruzzadədən xəbər alınmırdı. Bu barədə məlumatı “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə Afiəddin Məmmədovla onlayn görüşmək barədə sözləşiblər, lakin onun telefonuna zəng çatmır:

“Afiəddin Məmmədov bir neçə gün əvvəl İlham Əliyevin İranla bağlı çıxışlarını tənqid etmişdi və bir sıra hökumət mediaları onu təhrif edərək tirajlamışdı. Onların xüsusi xidmət orqanları tərəfindən oğurlandığını ehtimal edirik”.

Daha sonra isə Elvin Feyruzzadə sərbəst buraxıldı. Bildirildiyə görə, o, Bakı Şəhər Baş Polis İdarəsində olub və mobil telefonuna, həmçinin şəxsi məlumatlarına müdaxilə edilib.

Noyabrın 11-də isə “Demokratiya 1918” Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer üzvü Orxan Zeynallıya 30 sutka inzibati həbs cəzası verilib. Lakin onun nədə ittiham edilməsi barədə dəqiq məlumat verilməyib. Hərəkat üzvləri Zeynallının polis haqqında tənqidi status yazdığına görə həbs edildiyini deyirlər.

“Demokratiya 1918″ Hərəkatının rəhbəri Əhməd Məmmədli də bundan bir müddət öncə inzibatı qaydada həbs edilmişdi. O, polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılırdı. Lakin o, ittihamı qəbul etmirdi, sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunduğunu deyirdi.

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Afiəddin Məmmədov və Elvin Feyruzzadə polis orqanlarının birinə dəvət olunub, araşdırma aparılıb sərbəst buraxılacaqlar.

“Barələrində hər hansı icraat işi açılmayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində deyillər”.