Bazar ertəsi Demokratların Milli Qurultayının açılış günündə minlərlə etirazçı Qəzzada müharibəyə etirazlarını bildirmək üçün küçələrə çıxıb, onlarla etirazçı qurultayın keçirildiyi ərazinin yaxınlığında inşa edilmiş təhlükəsizlik hasarını aşıb.
Uşaq arabasında körpələri olan ailələr, tələbələr, seçilmiş liderlər və əllərində şüarlar və bayraqlar tutan digər insanlar İsrail-HƏMAS müharibəsində atəşkəs çağırışı ilə qurultayın keçirildiyi United Center-ə doğru gedən yürüşə qatılıb. Böyük qrup dinc yürüş edərkən, onların arasından ayrılan onlarla insan təhlükəsizlik hasarını bir neçə yerdən söküb.
Hasardan keçə bilən bir neçə etirazçı polis tərəfindən saxlanılaraq, əlləri qandallanıb. Bəzi etirazçılar polisin qarşısında qurulmuş ikinci hasarı yıxmağa çalışdığı zaman polis zabitləri gözşayardığı qaza qarşı maskalar taxıb. Rəsmilər qurultayın keçirildiyi ərazini əhatə edən daxili təhlükəsizlik perimetrinin pozulmadığını və qurultaya gələnlər üçün heç bir təhlükənin olmadığını bildirib.
Çikaqo polis rəisi Larri Snellinqin dediyinə görə, hasarları sökən etirazçılardan bəziləri polisə su şüşələri və digər əşyalar atıb. Onun sözlərinə görə, polis vəziyyəti dəyənəklərdən və kimyəvi maddələrdən istifadə etmədən nəzarət altına alıb.
Yürüş etirazçılar da daxil olmaqla, fələstinli tərəfdarı qrupların kəskin tənqid hədəfinə çevirdiyi prezident Co Bayden United Center-də gəzərkən baş verib. Bayden axşam saatlarında konqresdə çıxış etməli idi.
"Bayden, gizlənə bilməzsən. Biz səni soyqırımda ittiham edirik" deyə, yürüş iştirakçıları təbil sədaları arasında şüarlar səsləndirib. Onlar həmçinin ona "Soyqırım Co" deyə, müraciət edib və vitse-prezident Kamala Harrisə də oxşar şüarlar səsləndiriblər.
Mitinq zamanı İsrail bayraqları dalğalandıran və əsasən səssiz qalan 40-a yaxın İsrail tərəfdarını 20-yə yaxın velosipedli polis müşayiət edib. Ara-sıra gərginlik müşahidə edilsə də, heç bir fiziki qarşıdurma olmayıb.