Dəməşqdə partlayışlar davam edir

Suriya dövlət mediasının verdiyi məlumata görə, Suriya paytaxtında polisin nəzarət etdiyi ərazidə maşın bombası partlayıb və nəticədə bir neçə nəfər yaralanıb, hökümət binaları zədələnib.

Partlayış bazar ertəsi Dəməşqin Kafr Susa məhəlləsində baş verib.

Suriyadakı zorakılıqları müşahidə edən Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə qrupu bildirib ki, partlayış İran məktəbinin yaxınlığında baş verib və bir neçə nəfərin ölümünə səbəb olub.

Bundan əlavə bazar ertəsi Suriya İnsan Haqları Müşahidə qrupu hökümətə aid döyüş vertolyotlarının Hələbdə yaşayış məhəllələrinə bomba ataraq azı 12 nəfəri öldürdüyünü bildirib.

Vaşinqtonda müdafiə naziri Eş Karter deyib ki, Birləşmiş Ştatlar və Rusiya arasında Suriyadakı hədəfləri vurmaq məqsədilə əldə olunan hərbi əməkdaşlıq etimada əsaslanmır.

ABŞ dövlət katibi Con Kerri Suriyadakı ekstremist qruplara qarşı mübarizə aparmaq üçün Rusiya ilə daha yaxın hərbi əməkdaşlıq qurmaq və kəşfiyyat məlumatlarını paylaşmağı təklif edib.

Bu ayın əvvəli Kerri deyib ki, Suriya müharibəsində qarşı tərəfləri dəstəkləyən Birləşmiş Ştatlar və Rusiya orada sülhü bərpa etmək prosesini davam etdirmək üçün lazım olan addımları atmaq üzərində razılıq əldə ediblər.