ABŞ-ın qərbindəki Kaliforniya ştatının rəsmiləri Los-Anceles şəhərini külə çevirən güclü meşə yanğınları nəticəsində azı 10 nəfərin öldüyünü bildirib.
Los Anceles Qraflığı tibbi ekspertizası cümə axşamı günü, əvvəlki hesabatlardakından iki dəfə artıq yeni ölənlərin sayını açıqlayıb. Səlahiyyətlilər xəbərdarlıq edir ki, yanğınlar nəzarət altına alındıqdan və işçilər xarabalıqları axtardıqdan sonra onların sayı arta bilər.
Yanğınsöndürmə əməliyyatları küləklə bağlı yaranan müvəqqəti sakitlikdən istifadə edərək su buraxan helikopterlərlə gecə saatlarına qədər davam edib.
Prezident Co Bayden cümə axşamı günortadan sonra Ağ Evdə keçirdiyi brifinqdə deyib ki, "Los-Ancelesdə baş verən ən pis yanğınlar" kimi təsvir etdiyi meşə yanğınları ilə mübarizə aparmaq üçün Kaliforniyaya federal resurslar və əlavə maliyyə vəsaitləri cəlb edilib.
Prezidentin sözlərinə görə, pul müvəqqəti sığınacaqlar, təhlükəli materialların çıxarılması, ilk müdaxilə edənlərin maaşları və həyatı qorumaq üçün tədbirlər üçün 180 gün ərzində bütün xərcləri qarşılamaq üçün istifadə ediləcək.
ABŞ-ın Kaliforniya üzrə keçmiş senatoru, vitse-prezident Kamala Harris də brifinqdə çıxış edib.
Harris Kaliforniyadakı mövcud vəziyyəti "apokaliptik" və "gələcək aylara və illərə təsir edəcək bir şey" kimi təsvir edib.
Vitse-prezidentin evakuasiya zonasında evi var, lakin onun evinə hər hansı ziyanın olub-olmadığı dərhal məlum deyil.
Səlahiyyətlilər bildiriblər ki, Los-Anceles şəhəri və ətrafında yanan meşə yanğınları 180 minə yaxın insanın təxliyəsinə səbəb olub, minlərlə evi dağıdıb və on minlərlə hektar ərazini yandırıb.