Bazar günü İtaliya sahillərində yüzlərlə miqrantı daşıyan taxta qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı ən azı 64 nəfərə çatıb.
Xəbər agentliklərinin bildirdiyinə görə, bazar ertəsi dənizdən azı bir cəsəd çıxarılıb.
Sağ qalanlar bir neçə gün əvvəl Türkiyədən yola çıxan qayıqda 150-200 nəfərin olduğunu təxmin etdiklərini bildirir. Faciə nəticəsində səksən nəfər sağ çıxıb, ancaq rəsmilər ölənlərin sayının 100-dən çox ola biləcəyindən narahatdır. Miqrantların çoxu Pakistan və Əfqanıstandan olub.
Reuters xəbər agentliyi xəbər verir ki, üç nəfər, bir Türkiyə və iki Pakistan vətəndaşı insan alverində şübhəli bilinərək İtaliya rəsmiləri tərəfindən həbs edilib.
Qayığın parçaları bazar ertəsi Steccato di Cutro şəhəri yaxınlığında sahilə çıxıb. Onlar arasında taxta parçaları, yemək qabları və uşaq oyuncaqları olub.
2022-ci ildə İtaliyaya dəniz vasitəsilə 105 mindən çox miqrant gəlib. Onların çoxu Afrika, Yaxın Şərq və Cənubi Asiyadan olub.
İtaliya başqa Aİ ölkələrini miqrantların bəzilərini qəbul etməyə çağırıb. Miqrantların çoxu da İtaliyada qalmaq deyil, Avropanın başqa yerlərinə gedərək, iş tapıb, ailələrinə qovuşmaq istəyirlər.
Sağçı baş nazir Giorgia Meloni humanitar qrupların xilasetmə işlərinə yardım məqsədilə qayıq göndərmək imkanlarına məhdudiyyətlər qoyan qanun layihəsini təsdiqləyib.