Davud Turan: İranda azərbaycanlı milli fəallara qarşı təzyiqlər daha da artıb [Audio]

İran azərbaycanlılarının BMT qarşısında aksiyası

ABŞ prezidenti Barak Obamanın BMT-nin Baş Assambleyasının sessiyasında çıxışında İranla bağlı açıqlamaları və Qərbin mötədil prezident kimi baxdığı Həsən Ruhaninin İranın siyasi kursunun yumşala bilməsinə işarə edən çıxışından sonra ekspertlər İran və ABŞ arasında qarşılıqlı əlaqələrin qurulması üçün yeni şəraitin yarandığını qeyd edir.

Beynəlxalq ictimaiyyət İran və ABŞ arasında mümkün yaxınlaşma ilə bağlı ehtiyatlı nikbinliyini ifadə etdiyi vaxt, İran azərbaycanlıları prezident Ruhanini seçki kampaniyası zamanı verdiyi vədlərə əməl etməyə çağırır. Bu məqsədlə İran azərbaycanlıları Nyu-Yorkda BMT qarşısında mitinq keçirib.

Your browser doesn’t support HTML5

Davud Turanla müsahibə



Mitinqin təşkilatçılarından biri Azərbaycan Milli Dirəniş Hərəkatının sözçüsü Davud Turan Amerikanın Səsinə müsahibədə aksiyanın İranda azərbaycanlıların vəziyyəti, azərbaycanlıların hüquqlarının pozulması, onların ana dilində təhsil almasına imkan verilməməsi kimi problemlərə diqqət çəkmək məqsədilə keçirildiyini bildirib. Onun sözlərinə görə, aksiya iştirakçıları Həsən Ruhaniyə seçki kampaniyası zamanı azərbaycanlılara ana dilində təhsil hüquqlarının təmin edilməsi, Urmiya gölünün qurumasının qarşısının alınması istiqamətində fəaliyyət göstərilməsilə bağlı verdiyi vədlərə əməl etməsi üçün bir mesaj verməyə çalışıblar.

Səid Mətinpur 5 ildir həbsdədir, bu müddətdə onun bir dəfə də olsun ailə üzvlərilə görüşməsi üçün evə getməsinə icazə verməyiblər

Davud Turan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlməzdən əvvəl prezident Həsən Ruhaninin sərəncamı ilə İranda insan haqları müdafiəçisi Nəsrin Sutude daxil olmaqla 11 siyasi məhbusun azad edilməsindən danışaraq, bu amnistiyanın azərbaycanlılara şamil olmadığını və əksinə azərbaycanlı siyasi məhbusların vəziyyətinin daha da ağırlaşdığını bildirib. O, azərbaycanlılara qarşı təzyiqlərin daha da artdığını deyərək milli fəallar Səid Nəimi və Salar Turinin həbs edilməsi, Mehdiy Kuxiyana işgəncə verilməsi, Yeni GAMOH liderlərinin 9 illik həbs cəzalarını çəkməsi kimi fakatları qeyd edib. David Turan Tehranda həbsxanada cəza çəkən milli fəal və jurnalist Səid Mətinpurin bu müddət ərzində ailə üzvlərilə görüşmək üçün evə getmək icazəsi almadığını xüsusi vurğulayıb.

Davud Turan prezident Ruhaninin azərbaycanlıların ana dilində təhsil almaq hüququnun təmin edilməsi ilə bağlı verdiyi vədə baxmayaraq, buna əməl edəcəyinə inanmadığını deyib. “Lakin seçkidən sonra o dedi ki, bizim bir tək millətimiz var, o da İran millətidir və onun bir dili var”-deyə Davud Turan bildirib. Onun sözlərinə görə, Urmiya gölünün qurumasının qarşısının alınması üçün bir qurum təşkil edilsə də, hələlik konkret işlər görülməyib. Davud Turan Həsən Ruhaninin verdiyi vədlərə əməl etməsi üçün İranda əsaslı dəyişikliklərin baş verməli olduğunu qeyd edib.
Həsən Ruhani seçkidən sonra dedi ki, bizim bir tək millətimiz var, o da İran millətidir və onun bir dili var

Davud Turan İranın Qərblə yaxınlaşma istəyinin əsas səbəbinin Tehranın nüvə proqramını davam etdirməsi üçün vaxt qazanmaq istəyi ilə izah edir. Onun sözlərinə əsasən, Qərb və İran arasında müzakirələr təkcə nüvə proqramı ilə bitmir, burada insan hüquqlarına hörmət edilməsi, İranın terrorizmi dəstəkləməsi, İranın Yaxın Şərqdə siyasi proseslərə müdaxilə etməsi kimi məsələlər mövcuddur. O, Qərb və İran arasında etibarın yaradılması prosesinin uzun sürə biləcəyini qeyd edərək, azərbaycanlıların vəziyyətdən asılı olmayaraq insan hüquqları, təhsil haqları uğrunda mübarizələrini davam etdirəcəyini deyib. “Orada 30 milyondan çox insan yaşayır və onlar ibtidai haqlarından məhrumdurlar, hansı şəraitdə olursa-olsun, hansı hakimiyyət olursa-olsun biz bunun əməli olması üçün mücadiləmizi davam etdirəcəyik”-deyə Davud Turan Amerikanın Səsinə bildirib.