Güneyli fəallar Davud və Əyyub Şiri qardaşları məhkəmənin son qərarına qədər Təbriz Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.
Aznews TV saytının yayımladığı xəbərə görə, milli fəallar iyunun 2-də hər biri 40 milyon tümən girov qarşılığında müvəqqəti olaraq azadlığa çıxıblar.
Davud və Əyyub Şirinin, hələ ki, ittihamları barədə rəsmi qaydada məhkəmədən bildiriş verilməyib. Lakin məhkəmə müstəntiqinin Şiri qardaşlarının ailəsinə onların "sistemə qarşı təbliğat" apardıqlarını söylədiyi bildirilir.
Davud Şiri mayın 19-da Təbrizdəki məscidlərdən birində yas mərasimindən çıxarkən, Əyyub Şiri isə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Hüquq müdafiəçilərinin sosial mediada yayımladıqları məlumata görə, Əyyub Şirinin həbsindən sonra fəalın iş yerinə gələn çoxlu sayda mülki geyimli zabitlər mağaza sahiblərindən saxlanma anını çəkən müşahidə kameralarının yaddaş kartını alaraq özləri ilə aparıblar.
Kəşfiyyat Nazirliyinin təcridxanasına köçürülən türk fəallara həbsdə qaldıqları müddət ərzində ailələri ilə bir dəqiqədən az bir vaxt əlaqə saxlamağa icazə verilib.
Şiri ailəsinin Təbriz İnqilab Məhkəməsinə müraciəti zamanı prokurorluğun müstəntiqi güneyli fəalların nəzarətdə saxlanma müddətini uzatdığını bildirmişdi.