ABŞ və Avropada Darknet narkotik alverində fəaliyyət göstərən azı 150 nəfər həbs edilib

ABŞ Ədliyyə Nazirliyinin çərşənbə axşamı bildirdiyinə görə, 10 ay davam edən istintaqdan sonra ABŞ və Avropanın hüquq-mühafizə orqanları Darknet şəbəkəsi vasitəsi ilə narkotik maddə alverində şübhəli bilinən azı 150 nəfəri həbs edib.

Rəsmilər həmçinin nağd və kripto-valyuta daxil olmaqla, 31 milyon dollardan çox pul və 45 ədəd silah ələ keçirib.

“Biz bu gün dünyada öldürücü həbləri satmaq üçün internetdə kölgə axtaranları ifşa etmək üçün buradayıq. Beynəlxalq hüquq-mühafizə orqanlarının görünməmiş əməkdaşlığı sayəsində bütün dünyada 65-i ABŞ-da olmaqla 150 qaranlıq şəbəkə narkotik taciri həbs edilib" - deyə, Baş prokurorun müavini Liza Monako bildirib.

Darknet internetin bir hissəsidir və yalnız Tor brauzeri kimi xüsusi anonim vasitələrindən istifadə edilməklə əldə edilə bilər.

Ədliyyə Nazirliyi həbs edilənlərin ABŞ, Britaniya, Avstraliya, Bolqarıstan, Fransa, Almaniya, İtaliya, Hollandiya və İsveçrədə onlayn vasitəsi ilə on minlərlə qanunsuz narkotik maddə satışı əməliyyatlarında əli olduğunu bildirib.

Niderland mediası xəbər verib ki, həbs edilənlər arasında 65 Amerika, 47 Almaniya və 25 Britaniya vətəndaşı var.

“Bu gün olduğu kimi bu əməliyyatların məqsədi Darknet-in internetdə fəaliyyət göstərən cinayətkarları xəbərdar etməkdir. Hüquq-mühafizə orqanlarının onların maskasını çıxarmaq və hətta qaranlıq veb səhifələrində belə qanunsuz fəaliyyətlərinə görə məsuliyyət daşımaları üçün vasitələri və qlobal tərəfdaşlıqları var” - deyə, Europol-un icraçı direktorunun əməliyyatlar üzrə müavini Jan Filip Lekyuf bildirib.

Təhqiqatçılar bildiriblər ki, saxta dərmanlar əsasən Meksikadakı laboratoriyalarda Çindən gətirilən kimyəvi maddələrdən istifadə edilməklə istehsal olunur. Prokurorlar həmçinin saxta reseptlə ev laboratoriyalarında ağrıkəsicilər istehsal edilən narkotik ticarəti ilə məşğul olan şəxsləri də hədəfə alıblar.