İlham Əliyev: 2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq

Ilham Əliyev

“Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir.” Bu bəyanatla prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edib.

Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır.
İlham Əliyev

“Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır,” deyən Əliyev buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini diqqətə çatdırıb.

Prezident bu ilin aprelində qoşunların təmas xəttində “Ermənistanın törətdiyi təxribatın Azərbaycan Ordusu tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini” diqqətə çatdırıb.

İlham Əliyev həmçinin dünyada iqtisadi böhranın Azərbaycana təsirlərindən, ölkədə qeyri-neft sektorunun inkişafından, ixracyönümlü məhsul istehsalı və yeni iş yerlərinin açılması üçün həyata keçirilən işlərdən danışıb.

Neft qiymətlərinin kəskin düşməsi ilə əlaqədar Azərbaycanda iqtisadi durum ağırlaşıb.

Əliyev cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu deyib.

Prezidentin sözlərinə görə, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb.

“2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq,” Əliyev qeyd edib.

Prezident Əliyevin çıxışı müxalifət tərəfindən sərt tənqidlər qarşılaşıb.

Yəqin İlham Əliyev demək istəyirmiş ki, Monteneqroda 78 min iş yeri açıblar. Bax, bu inandırıcı ola bilər.
Əli Kərimli

"İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib ki, son 6 ayda 78 min daimi iş yeri açılıb. Əvvəlcə çaşıb qaldım, necə yəni 78 min daimi iş yeri açılıb, ancaq xalqın xəbəri olmayıb?" Azərbaycan Xalq Cəbhəsi lideri Əli Kərimli Facebook yazısında sual edir. "Yəqin İlham Əliyev demək istəyirmiş ki, Monteneqroda 78 min iş yeri açıblar. Bax, bu inandırıcı ola bilər. 500 milyon avro kurort tikintisi, üstəgəl 175 milyon avro da körpü tikintisi üçün verməyiblər bu ölkəyə? 1 milyard 160 milyon manat pul eləyir. Bu qədər pula yəqin ki, 78 min iş yeri açılar. Yəni bu məlumatda elə də böyük səhv yoxdur. Sadəcə dövlətlərin adı səhv gedib. 78 min iş yeri açılmağına açılıb, ancaq Azərbaycanda yox, Monteneqroda."

Neft qiymətlərinin kəskin ucuzlaşması ilə əlaqədar neftə əsaslanan Azərbaycan iqtisadiyyatı dərin problemlərlə üzləşir. Neftdən ifrat asılılıq, korrupsiya və siyasi repressiyalardan əlavə, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etməməsi dərin maliyyə böhranına yol açıb. Ötən aylarda Azərbgaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Müstəqil iqtisadi ekspertlər vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə manatın dəyər itirməsinin davamının müşahidə ediləcəyini proqnozlaşdırırlar.