"Həmsədrlərin regiona səfəri aprelin 5-dən tətbiq edilən atəşkəsi gücləndirdi". Bunu APA agentliyinə açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O bildirib ki, həmsədrlər həmçinin tərəfləri hərtərəfli sülh sazişi üçün dərhal danışıqlara daxil olmağa çağırıb: "Biz danışıqların başlanmasına aktiv şəkildə hazırlaşırıq. Lakin hazır olmaqla bağlı qərar prezidentlərdən asılıdır. Biz güclü şəkildə inanırıq ki, mümkün qədər tez bir zamanda danışıqlar masasına oturmaq tərəflərin marağındadır".
C.Uorlik təmas xəttində meyitlərin mübadiləsi məsələsində həmsədrlərin roluna da toxunub: "Regiona səfərimiz zamanı biz Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə meyitlərin mübadiləsi işində kömək etmək üçün görüşdük. Biz BQXK və ATƏT Monitorinq Missiyasını bu humanitar nailiyyəti bacardıqları, tərəfləri də buna razılıq verdikləri üçün alqışlayırıq. Bizə məlum olduğuna görə bütün meyitlər artıq repatriasiya olunub".
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Aktiv hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.