Daniel Bayer: ABŞ-ın Azərbaycanla əməkdaşlıqda uzunmüddətli marağı var

Daniel Bayer

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Daniel Bayer Amerikanın Səsi və Turan agentliyinə müsahibəsində prezident İlham Əliyevin onun barəsində dediklərinə münasibət bildirib, Azərbaycanda insan hüquqları və Qərbin demokratik institutları ilə münasibətlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə sizi ATƏT-in Bakı ofisinin bağlanmasında əsas günahkar kimi xarakterizə edib? Prezidentin dediklərinə münasibətinizi bilmək istərdik?

Prezident Əliyevin mənim haqqımda söylədikləri məni təəccübləndirdi.

Daniel Bayer: Prezident Əliyevin mənim haqqımda söylədikləri məni təəccübləndirdi. Bu iddialar əsassızdır. Çox təəssüf ki, ATƏT-in Bakı ofisinin fəaliyyətinin dayandırılması Azərbaycan hökümətinin tələbi idi. Bu isə həm hökümət, həm də Azərbaycan xalqı üçün bir itkidir. Bildiyiniz kimi, ATƏT-in Azərbaycanla konstruktiv işini ATƏT-in tərkibindəki qurumların və onun Vyanadakı Daimi Şurasında iştirakı formasında davam etdiririk. Bununla yanaşı inanırıq ki, ATƏT-in Azərbaycandakı missiyası Azərbaycan höküməti və xalqına, həmçinin regionun təhlükəsizliyinə müsbət töhfə verəcək.

Amerikanın Səsi: Siz doğrudan cənab Aleksis Şahtaxtinskinin Fransa xarici işlər nazirliyindən xaric edilməsi üçün Fransa hökumətinə təzyiq göstəribsiniz?

Həqiqət odur ki, Amerika Birləşmiş Ştatları və bir sıra digər nümayəndə heyəti öz güclü dəstəyinin məğzini aydınlaşdırıb.

Daniel Bayer: Fikrimcə, kiminsə belə bir fikir söyləməsi gülüncdür. Bu doğru deyil. Fransa Xarici İşlər Nazirliyi Dan Bayer ilə məsləhətləşmədən öz şəxsi heyəti ilə bağlı qərarları özü verir.

Həqiqət odur ki, Amerika Birləşmiş Ştatları və bir sıra digər nümayəndə heyəti öz güclü dəstəyinin məğzini aydınlaşdırıb. Bu, ATƏT-in bir çox sahə qiymətləndirmə missiyaları və yalnız hökümət liderləri ilə deyil, həmçinin vətəndaş cəmiyyəti ilə əlaqə quran həmin missiya rəhbərlərinə böyük dəstəyimiz üçün də keçərlidir.

ATƏT-in missiya rəhbərlərinə gəldikdə isə, həmin şəxslər ATƏT-ə hökümət tərəfindən təqdim olunur. Bu təyinat adətən bir illikdir və ATƏT ilə həmin şəxsi təqdim edən hökümətin qarşılıqlı razılaşması əsasında bu müddət yenilənə bilər.

Belə başa düşürəm ki, cənab Şahtaxinskinin təyinat müddəti başa çatmışdır. Onun Parisə geri qayıtması ilə bağlı ətraflı məlumat almaq istəyirsinizsə, Fransa höküməti və ya ATƏT-ə müraciət etməlisiniz.

Amerikanın Səsi: Prezident Əliyev ATƏT-in Bakıda ofisinin bərpa olunması üçün cənab Şahtaxtinskinin diplomat karyerasının bərpa olunmasını istədiyini deyib. Fikrinizcə ATƏT-in Bakı ofisinin fəaliyyətinin bərpası üçün tərəflər hansı addımları atmalıdır?

ATƏT-in Bakıdakı fəaliyyətinin bərpası üçün Azərbaycanın atacağı addım onun ATƏT ilə əməkdaşlığa hazır olmasını göstərməsi olardı.

Daniel Bayer: Sualınızın ikinci hissəsini cavablandıra bilərəm. ATƏT-in Bakıdakı fəaliyyətinin bərpası üçün Azərbaycanın atacağı addım onun ATƏT ilə əməkdaşlığa hazır olmasını göstərməsi olardı. Əgər, Azərbaycan tərəfi Vyanaya gəlsə və ATƏT-in Bakıda fəaliyyətinin bərpasına hazır olduğunu söyləsəydi, Amerika Birləşmiş Ştatları bunu güclü bir şəkildə müdafiə edərdi. Daimi Şuranın Azərbaycanın xahişi ilə bağlı böyük dəstəyi olardı.

Cənab Şahtaxtinskiyə gəldikdə isə, fikrimcə, bu məsələ yersizdir. Zənnimcə, Prezident Əliyev özünü məcbur hiss etdiyi halda, bunu fransız həmkarı ilə müzakirə edə bilər.

Amerikanın Səsi: Azərbaycanda konstitusiyaya dəyişikliklərlə bağlı refrendum keçirilib. Referenduma çıxarılan məsələləri Avropa Şurasının Venesiya Komissiyası, - “prezidentə görünməmiş səlahiyyətlər verərək hakimiyyətin qolları arasında balansı pozur”, - kimi dəyərləndirib. Azərbaycanda referenduma çıxarılan məsələlər ATƏT prinsiplərinə nə qədər uyğundur?

Ümumiyyətlə, konstitusiyaya dəyişikliklərin edilməsi ciddi bir məsələdir və qərəzli, münaqişəli formada ictimai maraq oyadır.

Daniel Bayer: Venesiya Komissiyasının hesabatına baxmışam. Orada Venesiya Komissiyası tərəfindən hazırlanmış iki fərqli maddə vardı. Biri sizin qeyd etdiyiniz məsələ ilə bağlı maddə idi. Digəri isə proseslə bağlı maddə idi. Ümumiyyətlə, konstitusiyaya dəyişikliklərin edilməsi ciddi bir məsələdir və qərəzli, münaqişəli formada ictimai maraq oyadır. Bu proses o qədər ləng irəliləyir ki, konstitusiyaya dəyişikliklərin istər nəzərdə tutulmuş, istərsə də nəzərdə tutulmayan məqsədi ətrafında ictimai müzakirə və polemika yaradır.

Fikrimcə, istənilən ölkədə konstitusiyaya əlavə və düzəlişlər təklifi irəli sürüləndə müzakirələrin bir hissəsi bunun ATƏT-in öhdəliklərində öz əksini tapan prinsiplər də daxil olmaqla bəşəri prinsiplərə uyğun olub olmaması ilə bağlıdır. “Bu, insan hüquqları və əsas azadlıqlarını müdafiə etmək baxımından beynəlxalq hüququn təcəssüm etdirdiyi bəşəri prinsiplərə uyğundurmu?” Bir çoxları belə bir fikir irəli sürdülər ki, referendumun keçirildiyi forma konstitusiya dəyişikliklərinə legitimlik verən açıq müzakirələrin qarşısını aldı.

Amerikanın Səsi: Azərbaycanda seçki demokratiyasının inkişafı üçün hansı addımlar atılmalıdır. Son parlament seçkilərindən sonra ATƏT-in Demokratik Təsistalar və İnsan Hüquqları Bürosu Azərbaycanda seçki müşahidəsi də aparmır.

Düşünürəm ki, gələcəkdə Azərbaycan höküməti DTİHB-nin metodologiyasına və müşahidəçilərinə uyğun olduğuna əmin olmaq üçün öncədən DTİHB ilə işləsə çox yaxşı olardı.

Daniel Bayer: Azərbaycan Amerika Birləşmiş Ştatları da daxil olmaqla digər ölkələr kimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu (DTİHB) seçkiləri müşahidə etməyə dəvət etməyi öhdəliyinə götürüb. ATƏT-in DTİHB qızıl standart və dünya səviyyəli metodologiyaya sahibdir. Təxminən 50 gündən sonra DTİHB seçkiləri müşahidə etmək üçün ABŞ-a səfər edəcək. Düşünürəm ki, gələcəkdə Azərbaycan höküməti DTİHB-nin metodologiyasına və müşahidəçilərinə uyğun olduğuna əmin olmaq üçün öncədən DTİHB ilə işləsə çox yaxşı olardı. İnkişafın əsas tərkib hissəsi beynəlxalq müşahidəçilərin hansı müsbət dəyişiklikləri görməsinə nəzər yetirmək və bu müsbət dəyişiklikləri artırmaq, həmçinin onların gördüyü çatışmazlıqları aradan qaldırmaq üçün DTİHB ilə birgə fəaliyyət göstərməyin yollarını tapmaqdır.

Beləliklə, Azərbaycan hökümətinin atacağı ən əhəmiyyətli addım gələcəkdə ATƏT-in seçki müşahidəçilərini qəbul etməkdir. Fikrimcə, həmin müşahidəçilərin ötən il seçkilərdə iştirak etməməsi təəssüfə layiqdir, çünki bu, Azərbaycan höküməti və xalqını gedişatın necə olması və gələcəkdə nələr etməli olduqlarını bilməkdən məhrum etdi.

Amerikanın Səsi: Siz dəfələrlə Azərbaycanda insan hüquqlarının pozulması, azadlıqların məhdudlaşdırılması, siyasi məhbus kimi tanınan insanların azadlığa buraxılması tələbi ilə bəyanatlarla çıxış edibsiniz? Bu bəyanatların təsir gücü olubmu?

Bilirəm ki, Azərbaycanda insanlar bəzən elə düşünürlər ki, biz səhərimizi Azərbaycanı necə tənqid etmək barədə fikirlərlə açırıq və hər gecə bunun haqqında fikirləşərək yuxuya gedirik.

Daniel Bayer: Daha dəqiq söyləsək, nə mən, nə də ABŞ höküməti yalnız Azərbaycan haqqında bəyanat vermirik. Bilirəm ki, Azərbaycanda insanlar bəzən elə düşünürlər ki, biz səhərimizi Azərbaycanı necə tənqid etmək barədə fikirlərlə açırıq və hər gecə bunun haqqında fikirləşərək yuxuya gedirik. Ancaq bu belə deyil.

Bizim etdiyimiz ATƏT-in birlikdə hazırladığımız öhdəliklərinə nəzər salmaq və bu öhdəliklərlə uzlaşmayan çatışmazlıqları qiymətləndirməkdir. Bununla yanaşı, eyni standarta əsaslanaraq, özümüz də daxil olmaqla hər kəslə bağlı ölçü götürürük. ATƏT çərçivəsində yalnız bir meyar var: birlikdə hazırladığımız öhdəliklər. Öhdəliklərin tətbiqi ilə bağlı narahatlıq yarandığı halda etiraz etməyimiz etibarlı hərəkətdir.

Nümayəndə heyətimiz Azərbaycanda xüsusi bir hal, təzyiq, qanun və ya müəyyən siyasi məhbus ilə bağlı narahatlığını bildirərkən, etdiyimiz hazırladığımız həmin öhdəlikləri bir daha təsdiq etmiş olmağımızdır.

Effektivliklə bağlı sualınıza gəldikdə isə əsas məsələ odur ki, Azərbaycan höküməti insan hüquqlarına və Azərbaycan vətəndaşlarının əsas azadlıqlarına hörmət etməli və siyasi məhbusları azadlığa buraxmalıdır. Ona görə yox ki, bunu Dan Bayer söyləyir, ona görə ki, bununla daha güclü, daha firavan Azərbaycan yaratmış olacaq. Amerika Birləşmiş Ştatlarının isə güclü və firavan Azərbaycanla əməkdaşlıqda uzunmüddətli marağı var.

Açıq-aşkar danışarkən biz yalnız prinsip və öhdəliklər haqqında danışmırıq, yeri gəlmişkən, Varşavada məşğul olduğumuz iş həmin prinsip və öhdəliklərdir. İnsan hüquqlarına dair həmin prinsip və öhdəlikləri, hər birimizin onlara necə sadiq qaldığımızı sistemli şəkildə nəzərdən keçiririk. Yalnız ona dair deyil. Bu, həmçinin, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında uzunmüddətli prinsiplərin bir hissəsidir.

Amerikanın Səsi: İndi ölkədə insan hüquqlarının durumunu necə xarakterizə edərdiniz?

Həmin müstəqil səslərin məhdudlaşdırılması hal-hazırda qənaətbəxş görünə bilər, hətta bəzi hökümət nümayəndələri tənqidçinin susdurulmasını sabitlik üçün vacib hesab edə bilərlər. Ancaq bu, uzun müddət ərzində ölkənin sabitlik və təhlükəsizliyini sarsıdacaq.

Daniel Bayer: ABŞ hökümətinin Azərbaycanda insan hüquqları ilə bağlı baxışını hərtərəfli qiymətləndirmək üçün ən son İnsan Hüquqları Hesabatına istinad edəcəm. Ümumiyyətlə, təəccüblü deyil ki, dəfələrlə Azərbaycanda fikir və söz azadlığı, birləşmək hüququ və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı narahatlığımızı ifadə etmişik. Həmin müstəqil səslərin məhdudlaşdırılması hal-hazırda qənaətbəxş görünə bilər, hətta bəzi hökümət nümayəndələri tənqidçinin susdurulmasını sabitlik üçün vacib hesab edə bilərlər. Ancaq bu, uzun müddət ərzində ölkənin sabitlik və təhlükəsizliyini sarsıdacaq. Odur ki, biz dostcasına Azərbaycanda müstəqil səslərin və vətəndaş cəmiyyətinin məhdudlaşdırlması ilə bağlı narahatlığımızı ifadə edirik.

Bir sıra vətəndaş cəmiyyəti fəalları və müstəqil səslərin Varşavadakı bu görüşdə iştirakından çox məmnunuq. Onu da söyləməliyəm ki, Azərbaycan hökümətinin də bu görüşdə iştirakından məmnunam, çünki irəli sürülən tənqidlərlə bağlı hökümətin öz perspektivini paylaşması əhəmiyyətli mübadilədir. Bu, vətəndaş cəmiyyəti fəallarının öz narahatlıqlarını, narazılıqlarını ifadə etməsi və tələblərini irəli sürməsi, hökümətin isə öz perspektivini təklif etməsi üçün çox zəruri dialoqdur. Düşünürəm ki, bu, iki həftə ərzində Varşavadakı görüşün dəyərinin bir hissəsidir.

Amerikanın Səsi: Bir neçə konqresmen Azərbaycana qarşı sanksiyaları nəzərdə tutuan qanun layihəsi ilə çıxış edib? Bu layihənin konqresin gündəliyinə çıxarılması nə qədər realıdr. Yaxud “Qlobal Maqnitski Aktı” Azərbaycana da tətbiq edilə bilərmi?

Daniel Bayer: Ümid edirəm, buna ehtiyac olmayacaq. Biz insan hüquqları və əsas azadlıqları, ATƏT-in prinsip və öhdəliklərinə hörmət edilməsinə dair davamlı tərəqqi naminə dəstəyimizi göstərmək üçün Azərbaycan hökümətindəki həmkarlarımız və vətəndaş cəmiyyəti ilə diplomatik əlaqələrimizi davam etdirəcəyik.

Amerikanın Səsi: ABŞ hökumətinin Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı apardığı işi necə qiymətləndirərdiniz? Bir il yarım öncə xanım Viktoriya Nuland ABŞ-la Azərbayacan demokratiya və insan hüquqlarının genişləndirilməsi məqsədi ilə hökumətlərarası birgə komissiyanın yaradılması barədə razılığa gəlindiyini bəyan etmişdi? Amma, hələ də bu komissiyadan xəbər yoxdur. Amerika və Azərbaycan hökumətlərinin bu razılaşmanı yerinə yetirməməsi nə ilə bağlı ola bilər?

Həmin İkitərəfli Komissiyanın planlaşdırılması alınmadı.

Daniel Bayer: Bildiyimə görə, həmin İkitərəfli Komissiyanın planlaşdırılması alınmadı. Ancaq, bunun üçün əsl motivasiya hələ də qalmaqdadır. Həmin motivasiyanın məğzi isə Azərbaycanın dostu və müttəfiqi kimi bizim Azərbaycan, Amerika Birləşmiş Ştatları və ATƏT-in digər üzv dövlətlərinin birlikdə hazırlamış olduğumuz öhdəlikləri yerinə yetirməyə, insan hüquqları və əsas azadlıqlarına dair irəliləyiş əldə etmək üçün konstruktiv və effektiv dialoqlar vasitəsilə Azərbaycan höküməti ilə fəaliyyət göstərməyə davam etməyimizdir.

Amerikanın Səsi: ABŞ və qərbin demokratik institutları ilə Azərbaycan arasında konstruktiv münasibətlərin qurulması üçün tərəflər hansı addımları atmalıdır?

Şəxsən mən ölkələrimiz arasında daim güclənən əməkdaşlığın uzunmüddətli gələcəyinə sadiqəm.

Daniel Bayer: Hər gün atdığımız addım bir-birimizə yaxşı niyyətli olmağımızdır və xalqlarımızla yanaşı hökümətlərimiz də qarşılıqlı əlaqələrə davam etməlidir. Atılacaq addımlara gəldikdə isə burada, Varşavada olmaq şəxsən mənim üçün bir diplomat olaraq dəyərlidir. Bunun səbəblərindən biri bir sıra azərbaycanlı fəal və müstəqil vətəndaş cəmiyyəti üzvləri ilə üz-üzə görüşmək, onları dinləmək və Azərbaycanın uzunmüddətli güc və firavanlığını təmin etmək üçün hansı addımlar atılmasını anlamaq imkanımın olmasıdır.

Qeyd etdiyim kimi, şəxsən mən ölkələrimiz arasında daim güclənən əməkdaşlığın uzunmüddətli gələcəyinə sadiqəm. İnsan hüquqları və əsas azadlıqları naminə bütün dünyada istər hökümət, istərsə də vətəndaş cəmiyyəti, istər yerli, istərsə də beynəlxalq səviyyədə fəaliyyət göstərən hər kəs bütün insanlara ədalətli imkanlar verən uzunmüddətli, sabit hüquq sistemi yaratmaq üzərində işləyir. Mən vətəndaş cəmiyyəti üzvlərində daha yaxşı işlərə nail olmaq üçün imkanlar yaradacağını görürəm.