Dallasda pusqu: snayperlər 5 polis zabitini öldürüb [Fotoqalereya]

Dallasda keçirilən dinc nümayiş zamanı koordinasiya edilmiş hücum nəticəsində beş polis zabiti snayperlər tərəfindən öldürülüb. Dallas polisi bu hücumla əlaqəli olaraq üç şübhəlini həbs edib, digər bir şübhəli isə öldürülüb. Cümə günü Minnesota və Luizina ştatlarında iki qaradərilinin polis tərəfindən öldürülməsinə etiraz olaraq keçirilən dinc nümayişdə qurulan pusquda əlavə altı polis zabiti yaralanıb.

Mikah Conson 2009-2015-ci illər arasında ABŞ ordusunda dülgər və bənna qismində çalışıb.

Dallasın polis rəsmiləri cümə axşamı etirazlar zamanı 5 polis zabitinin qətli və 9 nəfərin yaralanması ilə nəticələnən hücumun "məharətlə planlaşdırıldığını" deyir.

ABŞ hərbi rəhbərliyi hücumçulardan birinin Əfqanıstanda xidmət etmiş ordunun ehtiyatda olan sabiq əsgəri Mikah Haviyer Conson olduğunu təsdiqləyib.

Dallas polis rəyisi Deyvid Braunun cümə günü mətbuata verdiyi açıqlamaya əsasən, polislə qarşıdurma zamanı şübhəli şəxs onunla danışıqlar aparan polis əməkdaşına onun “ağdərili insan öldürmək, xüsusilə də ağdərili polisləri öldürmək istədiyini,” tək hərəkət etdiyini və heç bir qruplaşma ilə bağlı olmadığını deyib.

Bu, 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra ABŞ qanun-mühafizə orqanlarına qarşı törədilən ən dəhşətli hücumdur.

ABŞ prezidenti Barak Obama silahlı atışmanı vəzifələrini yerinə yetirən zabitlərə qarşı “qəddar, qəsdən edilmiş, mənfur hücum adlandırıb.” Varşavada NATO sammitində iştirak edən Obama deyib ki, polislərin “işləri olduqca çətindir” və bu hücum polislərin üzləşdiyi təhlükələrin “mənfur xatırlatmasıdır.”

Hadisənin baş verdiyi ərazi

Dallas polis idarəsinin rəisi Deyvid Braun şübhəlilərin polis zabitlərinə qarşı hücumu nə səbəblə həyata keçirdikləri barədə heç bir məlumat vermədiklərini deyib. Braun bildirib ki, saxlanılan şübhəlilərdən biri qadındır. Onun bildirdiyinə görə, dindirilən digər iki şübhəli kamuflyaj çantaları ilə görünüb və bu səbəbdən də polis onların maşınlarını təqib etməyə başlayıb.

Sosial şəbəkələrdə paylaşılan atışma anının video görüntülərində insanların yarı-avtomatik tüfəng səsi gəldiyi üçün qaçdığı göstərilir. Videoda həmçinin bir silahlı şəxsin polis zabitini vurduğu görünür.

Şəhərin mərkəzi hələ də bağlıdır. Polis rəisi bütün şübhəlilərin həbs olunduğundan əmin olmadığını deyib.

Rəsmilər hücumu həyata keçirənlərin niyyətlərinin böyük itkilərə səbəb olmaq olduğunu və şəhərdə bomba təmizləmə dəstəsi tərəfindən şübhəli paketin aşkar edildiyini deyir.

Dallasın meri Mayk Roulinqs şəhərin mərkəzində işləyən insanları cümə günü ərazidən uzaq durmağa çağırıb.

Polis cümə axşamı keçirilən nümayişdə kamuflyaj geyimdə olan silahlı qaradərili şəxsin şəklini paylaşıb və onun “şübhəli şəxs olduğunu” bildirib. Daha sonra isə həmin şəxs dövlət orqanlarına təslim olub. Onlar isə onun hücumla heç bir əlaqəsinin olmadığını bildirib.

Cümə axşamı keçirilən dinc nümayişdə iştirak edən min nəfər bu həftənin əvvəli Minnesota və Luizianada polisin qaradərili şəxsləri öldürməsinə etiraz edib. Hər iki hadisə lentə alınıb və bu, ABŞ-ın bir çox şəhərində nümayişlərin keçirilməsinə səbəb olub. ABŞ Ədliyyə Nazirliyi bu hadisələrlə bağlı gedən təhqiqatı yaxından izlədiyini bildirib.