Cəmil Həsənlinin kitabları Azərbaycana buraxılmır [Video-müsahibə]

Your browser doesn’t support HTML5

Professor Amerikanın Səsinə müsahibəsində kitabın gömrükdə saxlanılmasını, "iqtidar gerçək tarixdən qorxur", deyə izah edib

Professor, Milli Şuranın sədri Cəmil Həsənlinin ABŞ-də nəşr olunan "Stalin və soyuq müharibənin Türkiyə böhranı" ... 1945-1953-cü illərdə baş verən prosesləri əhatə edən kitabı Bakı aeroportunun gömrük postunda saxlanılıb. Cəmil Həsənli baş verən bu olayla bağlı Amerikanın Səsinə müsahibə verib.

Amerikanın Səsi: Cəmil bəy, bu yaxınlarda sizin kitablarınız Azərbaycan gömrüyündə saxlanılıb. Bu kitabların saxlanılmasının səbəbləri nədir?

Bu ölkə birdəfəlik qadağan eləsin ki, bu ölkəyə kitab göndərmək olmaz.

Cəmil Həsənli: Səbəblərini Gömrük Komitəsindən soruşmaq lazımdır. ABŞ-da vaxtilə, 2011-ci ildə çap olunmuş "Stalin və soyuq müharibənin Türkiyə böhranı" 1945-1953 illəri əhatə edir. Bu kitab 2011-ci ildə ölkəyə daxil olub. Kitaba oxucular tərəfindən ehtiyac olduğu üçün 2 il sonra nəşriyyat təkrar çap edib. Bu dəfə kağız yumşaq üz qabığında çap olunub. Həmin, 2013-cü ildə çap olunan nüsxələr yenə mənə göndərilib və bu kitab respublikanın əsas kitabxanalarında da var. Bu kitablar artıq respublikaya daxil olub. Özü də bilirsiniz söhbət nədən gedir? Poçt vasitəsilə nəşriyyat 4 kitab göndərib. Məndə olan nüsxələr qurtardığı üçün nəşriyyatdan xahiş eləmişəm. Onlar da mənə sürətli poçtla göndəriblər. Normal qaydada klitabları UPS (Beynəlxalq poçt xidməti ) bizə, evə gətirib təhvil verməli idi. Poçt xidmətinin də qaydası budur. Lakin 7 il bundan öncə çıxmış 4 nüsxə kitab indi Bakı aeroportunun Karqo xidmətində olan gömrük postunda saxlanılıb.

Bu gün mən həmin 4 kitabdan ötrü hansı ki, bizə evə gətirib təhvil verilməli idi, durub şəhərdən aeroporta getməli olmuşam. Soruşuram niyə saxlanılıb bu kitab? Mənə dedilər ki, sadələşdirilmiş gömrük bəyannaməsi lazımdır. Bundan sonra Dövlət Gömrük Komitəsində ingilis dilində olan kitbalarla tanış olunacaq. Ondan sonra təhvil veriləcək və yaxud verilməyəcək. Adam heyrət edir. Stalin və soyuq müharibənin Türkiyə böhranı adlı kitabın bu ölkənin gömrük siyasətinə və yaxud idoloji siyasətinə nə aiddiyatı var? Əvvəla, kitab ingilis dilində çıxıb. Rus dilində Moskvada çıxıb. Türk dilində Ankarada çıxıb. İngilis dilində Harvard "Soyuq müharibə" seriyasında çıxıb. Söhbət indi Harvard seriyasında çıxan nüsxələrdən gedir. Bilirsiniz bu ölkə birdəfəlik qadağan eləsin ki, ölkəyə kitab göndərmək olmaz, ya da normal qaydada göndərilən kitabların çatdırılmasını təmin etmək lazımdır. Bu, təxminən 500 səhifə həcmində kitabdır. Kim bunu oxuyacaq, hansı mütəxəssis oxuyacaq?

Amerikanın Səsi: Siz bu hadisəni necə dəyərləndirirsiniz?

Bunlar Qərb dünyasından daxil olan ədəbiyyata şübhə ilə yanaşırlar.

Cəmil Həsənli: Bilirsiniz bu, ölkədə avtoritarlaşmanın, totalitarlaşmanın təzahür formalarından biridir.

Ölkəyə gələn belə elmi ədəbiyyata münasibətdir. Üstəlik də bu ölkəyə xarici müəllifin əsəri kimi daxil olmayıb. Bu mənim özüm tərəfimdən yazılıb. Bunun müəllifi azərbaycanlıdır. Bu kitab Azərbaycanda da çıxıb. Bu, ölkədə hal-hazırda mövcud olan repressiv siyasətin, totalitar siyasətin son dərəcə gülməli təzahür formalarından biridir. Stalin və soyuq müharibənin Türkiyə böhranının bu ölkə üçün nə təhlükəsi var? Orada Azərbaycanın maraqları müdafiə olunur. Orada Türkiyənin maraqları müdafiə olunur. Orada deyək, ötən əsrin 40-ci illərində ikinci dünya müharibəsindən sonra Ermənistanın Türkiyəyə torpaq iddialarının əsassız olduğu elmi mənbələr əsasında ifşa olunur. Mən başa düşə bilmirəm, bu nə siyasətdir? Bunu kim müəyyən edir? Bunu müəyyən edən adamın düşüncə tərzi nədən ibarətdir? Hesab edirəm ki, baş verən hadisə Azərbaycanda totalitar, avtoritar idarəçilik sisteminin qurulmasının daha bir təzahürüdür. Bunlar elmdən qorxurlar. Bunlar ədəbiyyatdan qorxurlar. Bunlar gerçək tarixdən qorxurlar. Bunlar Qərb dünyasından daxil olan ədəbiyyata şübhə ilə yanaşırlar.

Professor Cəmil Həsənlinin "Stalin və soyuq müharibənin Türkiyə böhranı" kitabını Harvard Universiteti ingilis dilində nəşr edib. Kitab 1945-1953-cü illərdə baş verən prosesləri əhatə edir. Bu kitab II Dünya müharibəsindən sonra Sovet-Türkiyə münasibətləri və Ermənistanın Türkiyəyə qarşı iddialarının pərdəarxası məqamlarına aydınlıq gətirir.

Kitaba Harvard, Corc Vaşinqton, Kollec Kork universitetlərinin nüfuzlu alimləri rəy veriblər.