Cəmil Həsənli və Əli Kərimli polis tərəfindən saxlanılıb [Video]

Cəmil Həsənli və Əli Kərimli

Müxalifət liderləri Milli Dirçəliş Günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edərkən saxlanılıb

Səbail rayon Polis İdarəsinin qarşısına toplaşmış AXCP-çilər 13 partiya üzvü barəsində inzibati protokol tərtib edildiyini deyirlər.

Bu haqda onlara polis idarəsindən məlumat verilib.

Həmin müxalifətçilərin İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi ilə (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) məsuliyyətə cəlb ediləcəyi bildirilir. Sözügedən maddə fiziki şəxslər üçün 300 manatdan 3000 min manatadək cərimə və ya 160 - 240 saat ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs cəzası nəzərdə tutur.

AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli də hazırda Səbail rayon Polis İdarəsindədir. Onlar barəsində inzibati protokol tərtib edilib-edilmədiyi haqda məlumat verilmir.

Səbail rayon Polis İdarəsinin həyətində saxlanılan Zəfər Əhmədli Amerikanın Səsinə bildirib ki, polis idarəsinin həyətində üç saatdan çoxdur otuzdan çox faəl açıq havada saxlanılır.

Onun sözlərinə görə, Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli, o cümlədən 15-dən çox fəal isə polis idarəsinin binasına aparılıb.

“Artıq 3 satdan çoxdur soyuq havada saxlanılırıq. Hava çox soyuqdur, su və qidaya ehtiyac duyuruq. Lakin, su belə vermirlər”, AXCP fəalı Zəfər Əhmədli Bakı vaxtı ilə saat 18.30-da Amerikanın Səsinə bildirib.

Bakı vaxtı ilə saat 17.55-ə olan məlumata görə, hələ də Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli, o cümlədən çoxsaylı müxalifət fəalları Səbael rayon Polis İdarəsində saxlanılır. Polis idarəsinin qarşısına toplaşan müxalifət fəalları bir qədər öncə oradan avtobuslar vasitəsi ilə uzaqlaşdırılsa da, fəallar yenidən polis idarəsinin yaxınlığında toplaşıb. Onlar saxlanılanların azad edilməsini tələb edir.

17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifət fəallarının saxlanıldığı bildirilir. Saxlanılanlar arasında Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli də var.

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının məlumatında deyilir.

Polis əməkdaşları Səbail rayon Polis İdarəsinin qarşısına toplaşan çoxsaylı müxalifət fəllarını avtobusa dolduraraq aparır. Hadisə yerində çəkiliş aparan jurnalistlər də oradan uzaqlaşdırlıb. Canlı yayım aparan jurnalistlərə və blogerlərə imkan verilmir.

Your browser doesn’t support HTML5

Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli polis tərəfindən saxlanılıb

Məlumata görə, quruma üzv olan siyasi birliklərin üzvləri kütləvi şəkildə bu gün, noyabrın 17-də ziyarət məqsədi ilə Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Ancaq əraziyə nəzarət edən hüquq mühafizə qurumlarının əməkdaşlarının onları xiyabana buraxmadığı deyilir.

Daha sonra əraziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifət fəalının saxlanıldığı bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Ruslan Qurbanlı da saxlandığını deyib. Onun bildirdiyinə görə, 50-dən artıq müxalifətçi zorla avtobuslara doldurularaq Səbail Rayon Polis İdarəsinə aparılıb. Saxlananlar arasında AXCP sədri Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin də olduğu bildirilir.

AXCP fəalının sözlərinə görə, sıravi müxalifətçilər hazırda idarənin həyətində saxlanılır.

Hələlik, Daxili İşlər Nazirliyi və rəsmi qurumlardan müxalifət fəallarının saxlanması ilə bağlı məlumat almaq mümkün olmayıb.

İndiki anda çoxsaylı müxalifət fəalı Sabil rayon Polis İdarəsinin qarşısına toplaşıb. Onlar ziyarət məqsədi ilə toplaşan müxalifət fəallarının saxlanmasının səbəblərini öyrənməyə çalışır.

​1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb. O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.

Bu mitinqlər zamanı Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb. Azadlıq meydanındakı mitinq ölkədə milli azadlıq hərəkatının genişlənməsinə təkan verib. Sovet Ordusunun Bakıya yeridilməsinə baxmayaraq Azərbaycan 1991-ci ildə müstəqilliyini elan edib və nəhayətdə Sovetlər İttifaqı dağılıb. Həmin gün hazırki iqtidar tərəfindən qeyd edilməsə də xalq tərəfindən Milli Dirçəliş Günü kimi qeyd edilir.