Avqustun 2-də Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.
Federasiyanın saytının məlumatına görə, iclasda bu qurumun baş katibi Elmar Babanlı, Daimi Fəaliyyət Komissiyasının sədri Ağayar Axundzadə, baş katibin müavini Elnur Əşrəfoğlu, əsas və gənclərdən ibarət yığma komandaların aparıcı cüdoçuları iştirak edib.
"Kişilərdən ibarət cüdo millimizin Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan göndərilib", - məlumatda yazılıb.
Əməkhaqqı azaldılacaq
Məlumata görə, həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşlarının onların son bir ildə beynəlxalq nüfuzlu yarışlardakı nəticələrinə uyğun ödəniləcəyi barədə qərar verilib.
Açıqlamaya görə, kişilərdən ibarət cüdo üzrə Azərbaycan milli komandasını çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət millinin baş məşqçisi Elçin İsmayılova tapşırılıb.
Bu məlumata, hələlik, Ruslan Maşurenkonun, onun köməkçilərinin və cüdoçuların münasibətini almaq mümkün olmayıb.
Tokioya 44 idmançı ilə yollanan Azərbaycan, hələlik, iki bürünc qazanıb. Medalların biri boksda, digəri isə qadınlar arasında cüdo yarışlarında qazanılıb. Azərbaycanın heyətində artıq 27 atlet çıxışını bitirib.
"Tokio-2020" Yay Olimpiya Oyunları rəsmi olaraq iyulun 23-də başlayıb. Olimpiada avqustun 8-dək davam edəcək. Tokio Olimpiadası 2020-ci ildə keçirilməli idi. Amma koronavirus pandemiyası üzündən təxirə salınmışdı.
Xatırlatma
Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Onun Olimpiya komandası həmçinin altı Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Bu ölkənin Olimpiya Oyunlarında debütü "Atlanta-1996" Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu "Rio-2016"da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan Azərbaycan 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.