Kiprin paytaxtı Nikosiyada Rusiyanın Elm və Mədəniyyət Mərkəzi yanıb.
Rusiyanın RBC xəbər agentliyi yerli fövqəladə hallar xidmətinə istinadən xəbər verib ki, binaya Molotov kokteyli atılıb. Bir neçə mərtəbəni yanğın bürüyüb. Yanğının söndürülməsinə beş yanğınsöndürən maşın və bir zirehli transportyor cəlb olunub.
"İki güclü partlayış olub, divar və dam yanıb. İnsanlar təxliyə edilib. Polis binanı mühasirəyə alıb, yanğınsöndürənlər hadisə yerində işləyir" - deyə, TASS xəbər agentliyi mərkəzin rəhbəri Alyona Radçenkonun dedilkərindən sitat gətirib.
RBC yerli yanğınsöndürmə xidmətinə istinadən yanğınsöndürənlərin binada insanların axtarışını davam etdirdiyini, sonradan yanğının lokallaşdırıldığını və vəziyyətin nəzarət altında olduğunu, lakin binaya ciddi zərər dəydiyini yazıb.
Keçən ilin oktyabrında rusiyalı Aleksandr Kudaşev Rusiyanın Kişinyovdakı səfirliyinin darvazalarına Ukrayna bayrağının rəngləri ilə "Putin qatildir" sözləri yazmışdı. Bundan sonra Rusiyanın müharibə əleyhinə ağ-göy-ağ bayrağını qaldıraraq, darvazalar və səfirlik istiqamətinə fişəng atmışdı. Məhkəmə onu 25 min ley (1300 dollar) məbləğində cərimələmiş və o, bu məbləği ödəyənə qədər ölkədə qalmağa məcbur olmuşdu.
Hadisədən 3 gün sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Moldova hökuməti Rusiyanın Kişinyovdakı səfirliyinə qarşı törədilən vandalizm aktını qəsdən dayandırmayıb. Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat xidmətinin rəhbəri Daniel Voda Zaxarovanın dediklərini təkzib edərək, deyib ki, polis bir neçə dəqiqə ərzində rusiyalının hərəkətinin qarşısını alıb.