Culian Assanj Londonda həbsə məhkum olunub

London məhkəməsi WikiLeaks saytının təsisçisi Culian Assanjı yeddi il öncə zaminə buraxılmaq üçün məhkəməyə gəlməyərək, Ekvador səfirliyində sığınacaq istədiyinə görə 50 həftəlik həbs cəzasına məhkum edib.

Assanj 2012-ci ildə ona qarşı irəli sürülən seksual zorakılıqla bağlı ittihamlara görə İsveçə ekstradisiya olunmasının qarşısını almaq üçün səfirlikdə sığınacaq alıb.

Nəticədə İsveç istintaqı dayandırıb, amma Assanj Britaniyanı tərk etdiyi halda saxlanılmaqdan və ABŞ-ın məxfi sənədlərinin WikiLeaks-də nəşrinə görə Birləşmiş Ştatlara ekstradisiyasından qorxaraq səfirlikdə qalıb.

Ötən ay Ekvador Assanjın siyasi sığınacağını ləğv etdikdən sonra o, Britaniya polisi tərəfindən həbs edilib.

Assanjın ekstradisiya edilməsini istəyən Birləşmiş Ştatlar onu kompüteri hək edərək, ABŞ-ın yüz minlərlə məxfi sənədinin yayması ilə bağlı ittiham edib.