İctimai Palata aprelin 17-də Sahil bağında mitinq keçirəcək

İctimai Palata aprelin 17-də Sahil bağında mitinq keçirəcək

İctimai Palata aprelin 17-də saat 16-dan 18-dək Sahil bağında mitinq keçirəcəyini bəyan edib. Baş prokuroru Zakir Qaralov müxalifəti ölkədəki ictimai-siyasi sabitliyi pozmaq cəhdində ittiham edib.

İctimai Palata aprelin 17-də saat 16-dan 18-dək Bakının Sahil bağında sanksiyalaşdırılmamış mitinq keçirəcəyini elan edib.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Amerikanın Səsi radiosuna bildirib ki, müxalifət əvvəlcədən Bakı şəhər İcra Hakimiyyətinə Nərimanov kinoteatrının qarşısında mitinq keçirəcəyi ilə bağlı xəbərdarlıq edib. ”İctimai Palata qabaqcadan bildirib ki, mitinqin keçirilməsinə müvafiq yer təklif edilməzsə, sanksiyalaşdırılmamış aksiya Sahil bağında keçiriləcək. Bakı meriyası isə İctimai Palataya 20-ci dairənin yaxınlığında heç kimin tanımadığı, zibillik içərisində olan balaca meydanı təklif edib. Təklif edilən meydan balaca, zibillik içərisində olan, antisanitariyanın hökm sürdüyü, heç kimin tanımadığı dar küçələrin içərisindədir. Biz Bakı meriyasına müvafiq yerlərin müzakirəsi üçün müraciət etdik Bakı meriyası bizim müraciətimizi qəbul etmədi. Hətta Bakı meriyasının ATƏT-lə razılaşdırdığı aksiyalar üçün yerlər siyahısında olan Təbriz kinoteatrının qarşısındakı meydanda mitinqin keçirilməsi ilə bağlı təklifimiz qəbul edilmədi”, - deyə o qeyd edib.

Cənab Yaqublu mitinqin əsas şüarlarının hökumətin istefası, parlamentin buraxılması, yeni parlament seçkiləri təyin edilməsi, korrupsiya və rüşvətə qarşı qətiyyətli mübarizə, siyasi məhbusların azad edilməsi, mətbuat azadlığının təmin edilməsi olduğunu deyib.

Müsavat başqanının müavini 2 aprel mitinq zamanı saxlanıb və inzibati qaydada həbs edilib. Onun sözlərinə görə, İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiyadan sonra 31 nəfər inzibati qaydada həbs edilib. İctimai qaydanın pozulması ittihamı ilə cinayət işi başlanıb və hazırda 9 fəal həmin cinayətlə bağlı həbsdədir.

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər istintaqa çağırılıb. O 6 saat yarın dindirildikdən sonra azad buraxılıb. Aprelin 16-da isə AXCP sədri Əli Kərimli istintaqa dəvət edilib.

Azərbaycanın baş prokuroru Zakir Qaralov müxalifəti ölkədəki ictimai-siyasi sabitliyi pozmaq cəhdində ittiham edib. O aprelin 17-də keçiriləcək mitinqlə bağlı ciddi xəbərdarlıq edib. “İctimai asayişi pozan şəxslərin barəsində ciddi tədbirlər görüləcək”.

Cənab Qaralov AXCP lideri Əli Kərimlini “gəncləri qanunsuzluğa, itaətsizliyə, zorakılığa sövq etməkdə” ittiham edib. “Onun kimin sifarişini yerinə yetirdiyi bizə məlumdur", - deyə baş prokuror qeyd edib. Lakin cənab Qaralov AXCP sədrinin konkret kimin göstərişini yerinə yetirdiyini dəqiqləşdirməyib.

Öz növbəsində Əli Kərimli baş prokurorun bəyanatını siyasi adlandırıb. “Biz yalnız Azərbaycan xalqı üçün çalışırıq. Bütün mübarizəmiz dincdir, şəffafdır və qanun çərçivəsindədir. Təəssüf edirəm ki, rejim nəinki prokurorluq işçilərini, hətta baş prokuroru da siyasi mübarizəyə cəlb edib”, - deyə o qeyd edib