Vaşinqtonda "Cənubi Qafqaz və Orta Asiyada İslam dünyəvi və mötədil din" mövzusunda konfrans keçirilib

Vaşinqtonda post-Sovet məkanının təriqətlərarası təcrübələri müzakirə olundu

Tədbirdə Post-Sovet məkanının təriqətlərarası təcrübələri müzakirə olunub
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təşkilatçılığı ilə "Cənubi Qafqaz və Mərkəzi Asiyada İslamın dünyəvi və mötədil növləri və çətinliklər" mövzusunda konfrans keçirilib.

Tədbirdə hökumət rəsmiləri və ekspertlər Cənubi Qafqaz və Orta Asiya regionu timsalında təhlükəli bölgələrdə dini və etnik dözümlülüyün qorunub saxlanmasının vacibliyini müzakirə ediblər. Konfransda müzakirə olunan əsas mövzular region ölkələrində Sovet hakimiyyəti sonrası çoxmillətlilik amili, cəmiyyətdə sabitliyi pozan ünsürlər və dini ekstemizm olub. Tədbiri qısa çıxışla açan dosent Canusz Bugajski və tədbirin moderatoru, baş elmi işçi Ariel Kohen qonaqları salamlayaraq tədbirdə müzakirə olunacaq mövzuları vurğulayıblar.

Daha sonra panelin birinci hissəsində Dövlət Departamentinin müsəlman icmaları üzrə xüsusi təmsilçisi Fərəh Pandis məruzə edərək Qafqaz və Orta Asiya ölkələrində dini ekstremizmin qarşısını almaq üçün əsas səylərdən biri kimi gənclərlə işləməyin əhəmiyyətini vurğulayıb. O, prosesdə üç əsas istiqamətin: 33 yaşına qədər gənclərlə iş, mötədilliyin təbliği və Birləşmiş Ştatların gənclərlə ortaq dil tapmaq səylərinin çox vacib olduğunu deyib. Xanım Pandis, həmçinin dini ekstremizmə qarşı mübarizədə əsas fəaliyyətin hökumət tərəfindən deyil, insanlar tərəfindən aparıldığı zaman daha effektiv nəticələrin əldə oluna biləcəyini vurğulayıb. O, bu prosesdə ictimai qınağın dini ekstremizmi təcrid etməyə qadir olduğunu bildirib. Nitqinin sonunda xanım Pandisdən erməni müxbirlər Ramil Səfərovla bağlı suallar veriblər, lakin o, sualların yersiz olduğunu bildirərək, Dövlət Departamentinin aidiyyatı qurumlarından soruşulmasını məqsədəuyğun hesab edib.

Gürcüstan ərazisindəki islam cərəyanları haqqında məlumat verən Qara Dəniz-Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri Mamuka Tsereteli Gürcüstan ərazisində üç əsas müsəlman xalqlarının olduğunu bildirib. O, Acariya əyalətindən olan etnik gürcülərin hələ Osmanlı dövründə islamı qəbul etdiklərini, onların əsasən dini təhsil almaq üçün Türkiyə təhsil müəsissələrinə müraciət etdiklərini bildirib. İkinci müsəlman xalqın Pankisi müsəlmanları olduğunu deyən cənab Tsereteli onların dini təhsil almaq üçün əsasən ərəb ölkələrinə müraciət etdiyini bildirib. Bu müsəlmanların ənənəvi müsəlmanlar olduğunu deyən ekspert bəzən onların içindən sələfilərin təsirinə düşmüş radikallar çıxdığını bildirib. Ekspert, 2002-ci ildə bu bölgədə cəmi bir məscid olmasına baxmayaraq, hazırda 7 məscidin mövcud olduğunu vurğulayıb. Ölkədəki üçüncü böyük müsəlman icmasının azərbaycanlılara məxsus olduğunu deyən araştırmaçı azərbaycanlıların əsasən şiə müsəlmanlarından ibarət olduğunu bildirib. Azərbaycanlıların cəmiyyətə inteqrasiyasında hələ də problemlərin yaşandığına baxmayaraq onların Gürcüstan dövlətinə sadiq olduqlarını deyib. O, konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, bölgədəki azərbaycanlılar dini təhsil almaq üçün əsasən İranın Qum şəhəri başda olmaqla, digər bölgələrinə də getdirlər.

Tədbirdə çıxış edən ABŞ Ordusunun Müharibə Kollecindən Milli Təhlükəsizlik İşləri üzrə tədqiqatçı alimi Stefen Blank əsasən Mərkəzi Asiya və Qafqaz bölgəsində hələ Sovet dönəmində dindən siyasi vasitə kimi istifadə olunduğuna diqqət yönəldib. O, İslamın siyasiləşdirilməsindən tutmuş, sünni-şiə təriqətlərinə qədər mövzu haqqında rəy bildirərək hazırda əsas problem kimi, bölgədə islamın nə dərəcədə siyasi əhəmiyyətə malik olduğunu araşdıran heç bir qurumun olmamasından gileylənib. Cənab Blank sünni təriqətindən Əl-Qaidə, şiə təriqətindənolan İran İslam Respublikasının dünya üçün təhlükə mənbəyi olduğunu deyib. O həmçinin Azərbaycanın İran rejimi üçün əsas hədəf olduğunu deyərək, vaxt aşırı bu ölkədən Azərbaycana qarşı dini ekstremist qüvvələrin yardımı ilə sabitliyi pozmaq cəhdlərinin qarşısı alındığını deyib.

Con Hopkins Universiteti Mərkəzi Asiya-Qafqaz İnstitutunun Araşdırma rəhbəri Svante Kornel etnik və dini müxtəliflik mövzusunda çıxış edərək, Mərkəzi Asiyadan Qırğız-Özbək münaqişəsini, Qafqazda isə müstəqilliyi yeni əldə etmiş Azərbaycanda 90-ci illərdə etnik kimliyə daha çox diqqət verilməsindən bəhs edib. O, Azərbaycanda cəbhə hakimiyyəti dövründə daha çox milli kimliyin ön plana çəkildiyini, hətta Azərbaycan dili adının Türk dili adına dəyişdirildiyini, Turan ideologiyasının hökm sürməsini misal gətirərək bunun şimalda ləzgilər, cənubda talışların narazılığına səbəb olduğunu bildirib. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycançılıq ideyasının önə çıxarıldığını, dilin yenidən Azərbaycan dili adlandığını bildirən cənab Kornel bunu təqdir edib. O, Azərbaycanda və Qazaxstanda yəhudilərin illər boyu sülh və tolerantlıq mühitində yaşadıqlarını deyib. Nitqinin sonunda cənab Kornel bildirib ki, Post-Sovet məkanında Gürcüstan xaric, digər dövlətlərdə hakim elitanın rus təhsili aldığını, hətta keçmiş Sovet idarəçilərinin varisləri olduğunu bildirərək, gələcəkdə bu liderlərin dəyişildiyi zaman durumun hansı yöndə inkişaf edəcəyinin onun üçün əsas maraq doğuran məqamlardan biri olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Sovet Yəhudiləri Milli Konfransının icraçı direktoru Mark Levin əsasən Azərbaycan və Qazaxstandakı dini tolerantlıqdan bəhs edib. O, Azərbaycanda dağ yəhudilərinə dövlətin qayğısından bəhs edərək, Baki Dövlət Universitetində ivrit dilinin tədris edilməsini və keçən il yeni açılan sinaqoqu milsal göstərib. O, Bakı və Qubada dağ yəhudilərinin müsəlmanlarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşamasından bəhs edərək,yüzlərlə yəhudi tələbənin Azərbaycanda öz dilində təhsil almasından heyrətləndiyini deyib. Həmçinin cənab Levin Azərbaycanın İsrail və ABŞ-ın yaxın tərəfdaşı olduğunu vurğulayaraq, vaxtaşırı İran tərəfindən təhdid olunduğunu bildirib. O, Türkiyə və İsrail arasındakı son gərgin münasibətlərdən sonra Azərbaycandakı bəzi radikal qüvvələrin İsrailə qarşı çıxdığını, səfirlik önündə etiraz aksiyaları keçirməyə cəhd etdiklərini bildirib. Bütün bunlara baxmayaraq Azərbaycanın müttəfiq ölkə olduğunu bildirib qeyd edib. O, yəhudi dövləti ilə Azərbaycan hökumətinin hərbi və energetika sahələrində strateji əməkdaşlıq etdiyini də deyib.

Konfransın ikinci hisəsini Xarici Əlaqələr Şurasında Beynəlxalq Münasibətlər üzrə ekspert Coşua Valker öz nitqiylə davam etdirib. Tədbirdə iştirak edən Ermənistan səfirliyinin əməkdaşları yenidən Ramil Səfərovla bağlı suallar verdikdə, cənab Valker etirazını bildirərək müzakirələrin qarşılıqlı ittihamlar əsasında deyil, sülhün əldə olunması üçün real təkliflər irəli sürməklə aparılmasının daha məqsədəuyğun olduğunu bildirib. Daha sonra Azərbaycan Respulikasının ABŞ-dakı səfiri cənab Elin Süleymanov dinləyici qismində panel iştirakçılarına mövzu ilə bağlı sual verərək, sülh prosesində irəliləyişin əldə olunması üçün hansı real təklifləri verə biləcəklərini soruşub. Cənab səfirin sualına ilk olaraq Hayfa Universiteti Siyasət Elmləri Məktəbinin baş müəllimi Brenda Şaffer cavab verib. O da öz növbəsində erməni tərəfi məsələni böyütməməyə çağıraraq, Azərbaycan tərəfinin də digər arqumentlərdən istifadə edərək etiraz etmək haqqının olduğunu xatırladıb. O, 2001-ci il aprelin 23-də Fransanın Orli şəhərində səkkiz nəfəri qətlə yetirən erməni əsilli Varujan Qarabediyanın Ermənistana ekstradisiya edilməsini, hətta Ermənistan vətəndaşı olmamasına baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən qəhrəman kimi qarşılandığını xatırladıb. Erməni tərəfinin iddia etdiyi kimi onun deportasiya olunmasının Ramil Səfərovun ekstradisiya olunması arasında heç bir fərqin olmadığını bir daha Ermənistan nümayəndələrinin diqqətinə çatdırıb. Azərbaycan səfirinin sualına cənab cavab verən cənab Coşua Valker gənclərin bir araya gəlib, qarşılıqlı dialoq qurulmasının effektiv nəticə verəcəyinə ümid etdiyini bildirib.

Ceymstaun Fondunun Balkan ölkələri, Qafqaz və Mərkəzi Asiya üzrə proqram rəhbəri Margarita Assenova çıxışında Mərkəzi Asiya sünni təriqət nümayəndələrinin daha mötədil olduğunu deyib.

Rusiyadan olan araşdırmaçı müxbir Fatima Tlisova Rusiyadakı İslam cərəyanlarını dəyərləndirərək, Çeçenistan bölgəsində sufi təriqətinin daha da artdığını və nəticədə radikallaşmanın xeyli dərəcədə azaldığını bildirib.

Daha sonra tədbiri CSİS Avropa proqramının baş eksperti Heter Kanli davam etdirib. Tədbirdə Azərbaycan tərəfindən rəsmi şəxs kimi Milli Məclisin Parlamentlərarası və Xarici Əlaqələr Komitəsinin sədr müavini Sevinc Fətəliyeva ölkədəki tolerantlıq mövzusunda məruzə edərək iştirakçıların suallarını cavablayıb.

Tədbir sual-cavab formatinda davam etdikdən sonra Ariel Kohen və Canusz Bugajskinin qapanış nitqiyə sona çatıb.