Jurnalistləri Müdafiə Komitəsi (CPJ) jurnalist Rasim Əliyevin ölümü barədə bəyanat yayıb. Bəyanatda qurum Azərbaycan rəsmilərini Rasim Əliyevə hücumu şəffaf və effektiv şəkildə araşdırmağa, hücumun motivini aydınlaşdırmağa və bütün cinayətkarların ədalət qarşısında cavab verməsini təminat altına almağa çağırıb.
Prezident İlham Əliyevin administrasiyası jurnalistlərə və insan haqları fəallarına qarşı repressiyalara son qoymalıdır.
"Biz Rasim Əliyevin öldürülməsini qınayır və rəsmiləri qətli ən şəffaf şəkildə araşdırmağa çağırırıq," deyə Amerikanın Səsinə göndərilən bəyanatda CPJ-in Avropa və Mərkəzi Asiya proqramları üzrə koordinatoru Nina Oqnianova bildirib.
"Prezident İlham Əliyevin administrasiyası jurnalistlərə və insan haqları fəallarına qarşı repressiyalara son qoymalıdır. Bu hücumu da mümkün edən cəzasızlıq iqlimindən qaynaqlanan şərait olub".
Rasim Əliyev haqqında məlumat verilən bəyanatda deyilir ki, o, bir neçə müstəqil media üçün çalışmaqla yanaşı, həm də keçən il ofisində reyd keçirilən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) çalışıb. Yerli mediaya istinad edən bəyanatda habelə jurnalistin hətta son hücumdan əvvəl də öz işi ilə bağlı sosial şəbəkələrdə təhdidlərlə üzləşdiyi deyilir.
Daha sonra CPJ Rasim Əliyevin ölümünə gətirib çıxaran hadisələrə də nəzər salıb.
"Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınayaraq bunu ölkədə ifadə və söz azadlığına hədə adlandırıb. Araşdırma başladan rəsmilər isə ən azı bir nəfəri həbs edib," deyə bəyanatda bildirilir.
Azərbaycanda mətbuat azadlığının vəziyyətinə yer verən hesabatda hazırda Xədicə İsmayılova da daxil olmaqla ölkədə səkkiz nəfərin həbsdə olduğu bildirilir. "Son aylarda mühacirətdə olan bir neçə jurnalist isə bildirib ki, onları susdurmaq üçün rəsmilər onların ailə üzvlərini həbs etməyə başlayıb," deyə Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında bildirilir.