Cozef Bayden Azərbaycan və türk icmalarının nümayəndələri ilə görüş keçirib

Vaşinqtonda ABŞ vitse-prezidenti Cozef Bayden Azərbaycan və türk icmalarının nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan respublikasının ictimai və dini qurumlarının rəhbərləri, amerikalı azərbaycanlılar, Türkiyə-Azərbaycan Təşkilatı, habelə bir sıra türk və Azərbaycan diaspora qurumlarının təmsiçilərinin iştirakı ilə keçirilib. Tədbirin səhər yeməyi hissəsindən sonra ABŞ-ın vitse-prezidenti nitq ilə çıxış etdi. Türkiyə-ABŞ, Azərbaycan-ABŞ əlaqələrinin son illər inkişaf edən xətlə irəlilədiyini deyən cənab Bayden Amerikanın seçki ilində bütün qurumların dəstəyinə böyük ehtiyacı olduğunu dedi.

Vitse-prezident Türkiyənin “Ərəb baharı” prosesindəki vasitəçi rolunu, Azərbaycan və Türkiyənin İraq və Əfqanıstan müharibələrində Amerikaya dəstək verməsini yüksək qiymətləndirdi. Co Bayden Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini və əhalisinin əksər hissəsini müsəlmanların təşkil etdiyi bu ölkədə demokratik inkişafların bütöv Yaxın Şərqə nümunə olduğunu bildirdi. O, Türkiyənin regional nüfuzunun Amerikanın o bölgədəki nüfuzundan qat-qat artıq olduğunu dedi.

Cozef Bayden demokratiya yolunda irəliləyən Azərbaycanla Amerikanın münasibətlərinin getdikcə dərinləşdiyini bildirdi. O, Azərbaycanın resursları, Türkiyə vasitəsi ilə Avropanı neftlə təmin etməsi baxımından əhəmiyyətini qeyd etdi.

Görüş ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsinə daxil idi.