Güclü çovğun ABŞ-ın şimal-şərq bölgəsini iflic edib

Dünən axşam saatlarından ABŞ-ın şimal-şərq bölgəsi güclü çovğuna məruz qalıb. Çovqun nəticəsində Nyu-York şəhəri 30 santimetr hündürlükdə qarla örtülüb. Ən güclü qar isə Konnektikut ştatının Milford şəhərində qeydə alınıb: 97 santimetr.

Artıq intensiv şəkildə qarın təmizlənməsi işlərinə başlanıb.

Gecə saatlarından güclü qar yağan zaman yüz minlərlə insan elektrik enerjisinin kəsilməsi nəticəsində qaranlıqda qalıb. Küləyin sürəti saatda 100 kilometrdən çox olub. Çovğun nəticəsində minlərlə təyyarə reysi təxirə salınıb, qatar xidmətləri ləğv edilib və avtomobillərin hərəkətinə qadağa qoyulub.

Çovğunla bağlı ən azı 4 ölüm faktı qeydə alınıb.

Çovğunun Kanada və okeana doğru istiqamətlənməsi ilə qatar və hava yolları xidmətləri tədricən fəaliyyətini bərpa etməkdədir.

Meteoroloqlar deyir ki, çovğun soyuq Arktik cərəyanın Atlantik okeanda nəhəng yağmurlu qasırğa ilə toqquşması nəticəsində yaranıb.