COVID-19 simptomlarına baxmayaraq həbsxana rəsmiləri güneyli fəal Əli Vasiqinin sağlıq durumuna laqeydlik göstərir

Əli Vasiqi

Ərdəbil Həbsxanasında saxlanılan güneyli fəal Əli Vasiqidə COVID-19 xəstəliyinin simptomlarının olmasına baxmayaraq, həbsxana rəsmiləri siyasi məhbusun vəziyyətinə laqeydliklə yanaşır.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu haqda məlumat yayıb.

Hal-hazırda qardaşı Rza ilə birlikdə Ərdəbil Mərkəzi Həbsxanasının 2-ci bölməsində saxlanılan milli fəal Əli Vasiqi qızdırma, quru öskürək, baş ağrısı və bədən ağrısı kimi COVID-19 xəstəliyinin simptomlarının müşahidə olunması barədə neçə gün əvvəl ailələri ilə telefon danışığında məlumat verib. Ailələri ilə telefon əlaqəsi zamanı onlar saxlanıldıqları bölmədə COVID-19 xəstəliyinin yayılmasını bildiriblər.

Əli və Rza Vasiqi

Noyabrın 7-də Əli Vasiqi qardaşından 3 gün sonra həbs edilib və Ərdəbil həbsxanasına köçürülüb. İyunun 10-da Vasiqi qardaşları təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər. Bu iki milli fəal iyunun 16-da hər biri 110 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

Avqustun 18-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin sədri hakim Məhdəvirad Əli və Rza Vasiqini, "gecəlik yaymaq ilə İran İslam Respublikasına qarşı təbliğat aparmaq" və "ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək" ittihamları ilə 5 il həbs cəzasına məhkum etmişdi.

Oktyabrın 5-də Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsinin qərarına əsasən, bu milli fəala hakim Məhdəvirad tərəfindən verilən hökm azaldılaraq, eyni ittihamlarla hər biri 2 illik həbs cəzasına məhkum edilmişdi.

İyunun 16-da müvəqqəti olaraq sərbəst buraxılan Əli və Rza Vasiqinin sosial şəbəkələrdə yayılan fotolarında onların təhlükəsizlik qüvvələri tərəfindən döyülmələri nəticəsində bədənlərində yaranan yara və işgəncə izləri təpkilərə səbəb olmuşdu.

Son zamanlarda Ərdəbil Həbsxanası ilə əlaqədar yayımlanan xəbərlərə əsasən, bu həbsxanada saxlanılan digər siyasi məhbuslar - Abbas Lisani və Yusuf Kari də COVID-19 xəstəliyinin simptomları müşahidə edilsə də Ərdəbil məhkəməsi və həbsxana rəsmiləri tərəfindən azərbaycanlı siyasi məhbusların sağlamlığı ilə bağlı hər hansı bir addım atılmayıb.