Cons Hopkins Koronavirus Resurs Mərkəzi bazar günü dünyada 326,2 milyon insanın koronavirusa yoluxduğunu, 5,5 milyon insanın həyatını itirdiyini bildirib. Mərkəzin bildirdiyinə görə, dünya boyu 9 milyarddan çox peyvənd tətbiq edilib.
UNICEF-in icraçı direktoru bildirib ki, şənbə günü Ruandaya göndərilən 1,1 milyon COVID peyvəndinə COVAX tərəfindən çatdırılan milyardıncı doza daxildir. “Hələ də çox sayda insanın birinci dozanı almadığı halda biz daha çox görməli olduğumuzu bilirik”, Henrietta Fore bildirib.
COVAX aşağı və orta gəlirli ölkələrdə COVID vaksinlərinin ədalətli paylanmasını təmin etmək üçün beynəlxalq alyansdır.
Pekində koronavirusun omikron variantına bir yoluxma halı aşkar edilib. Bu, Çin rəsmilərinin Pekində fevral ayında Qış Olimpiya Oyunlarının açılışı və yeni ilin başlamasından əvvəl yoluxmaların qarşısını almaq üçün ciddi tədbirlər gördüyü bir vaxt şəhərdə baş verən nadir yoluxma halıdır.
Pekinin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət üzrə sözçüsü Pan Şinqhuonun mətbuat konfransında bildirdiyinə görə, omikron variantına yoluxma halı şənbə günü Pekinin Haidian rayonunda aşkar edilib.
Cənubda Juhai şəhərinin rəsmiləri olduqca yoluxucu varianta yeddi yoluxma halı aşkar etdikdən sonra şəhərin avtobus xidmətini dayandırıb və sakinlərə evdə qalmağı tövsiyə edib.
Bununla yanaşı, Çinin Milli Səhiyyə Komissiyasının sözçüsü Mi Fenq şənbə günü omikron və delta variantlarının yayılması fonunda fevralın 1-də yeni ilin başlamasından əvvəl səyahətlər və çox sayda insanın bir yerdə toplaşması ilə “ciddi” problemlərin yarana biləcəyi ilə bağlı xəbərdarlıq edib.
ABŞ-da növbəti bir-iki həftə ərzində amerikalılar hökumətdən ev şəraitində yoxlanmaq üçün pulsuz ekspres koronavirus testləri almağa başlayacaq. Bu testləri xüsusi veb saytda müraciət edərək sifariş etmək olar. Mağazalarda testləri tapmaq demək olar ki, mümkün deyil.
Rusiyada hökumət yeni infeksiyaların artması fonunda cümə günü COVID-19 peyvəndi sübutu olmadan ictimai yerlərə girişi məhdudlaşdıran qanunların qəbulunu təxirə salıb.
Baş nazirin müavini Tatyana Qolikova bildirib ki, qanun COVID-19-a səbəb olan virusun delta variantına cavab olaraq işlənib hazırlandığı üçün onun effektivliyinə dair qeyri-müəyyənliklə bağlı ləğv edilib. Hazırda omikron variantı ölkədə yeni infeksiyaların artmasına səbəb olur.
Bu arada, Fransa məhkəməsi Paris küçələrində açıq havada maska taxmaq tələbini dayandırıb. Bu tələb dekabrın 31-də omikron variantının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilib.