ABŞ ianə etdiyi peyvəndləri COVAX vasitəsi ilə aşağı və orta gəlirli ölkələrə çatdıracaq

Your browser doesn’t support HTML5

Ağ Evin bildirdiyinə görə, ABŞ ilk 25 milyon dozada bağışlayacağı COVID-19 peyvəndinin əsas hissəsini BMT-nin dəstəklədiyi peyvənd tədarükü proqramı COVAX vasitəsi ilə aşağı və orta gəlirli ölkələrə çatdıracaq. Bu, iyun ayının sonuna qədər 80 milyon dozada bağışlanacaq peyvəndin bir hissəsidir. Bayden administrasiyası peyvəndlərini paylaşmaq üçün təzyiq altındadır.

ABŞ-ın bağışladığı ilk 25 milyon peyvənd Birləşmiş Millətlər Təşkilatının COVAX proqramından keçən dozanın dörddə üç hissəsidir. Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan: "Bu, bütün ölkələr üçün bərabər səviyyədə paylanacaq peyvənd sayını maksimum dərəcədə artıracaq və ən çox risk altında olan ölkələrə paylanmanı asanlaşdıracaq."

Digər 6 milyon dozada peyvənd isə qonşular, müttəfiqlər və ya böhranın daha güclü olduğu ölkələrə göndəriləcək. ABŞ iyun ayının sonuna qədər 80 milyon dozada peyvənd bağışlayacağına söz verib. Ağ Evin COVİD-19 koordinatoru Ceff Zayints: "Bu, digər ölkələrin bağışlayacağı dozadan beş dəfə çoxdur və bu ayın sonunadək bağışlanacaq 80 milyon doza ABŞ-da istehsal olunan peyvəndin 13% -ni təşkil edir."

Lakin bu 80 milyon doza peyvəndin yardımı olsa da, mütəxəssislər dünya boyu pandemiyaya nəzarət etmək üçün lmilyardlarla dozada peyvənd gərək olduğunu deyirlər. Cons Hopkins Universitetindən Villiam Moss: "Bəli, bu doğru istiqamətə atılan bir addımdır, lakin dünyanın ehtiyacı ilə müqayisədə bu bir damladır."

ABŞ əhalisinin yarısından çoxuna peyvənd edilməsinə baxmayaraq, COVID-19 peyvəndləri dünya boyu qeyri-bərabərdir. Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom: "Qlobal səviyyədə tətbiq olunan 1.8 milyard peyvəndin yalnız 0.4% -i aşağı gəlirli ölkələrdə tətbiq olunub. Bu, etik, epidemioloji və iqtisadi baxımdan qəbuledilməzdir."

Mütəxəssislər varlı ölkələrin ianələrinin və dünyanın hər yerində peyvənd istehsalının gücünün artırılmasına yardım etmələrinin gərək olduğunu deyirlər. Bunun üçün isə vaxt lazımdır.

Moss deyir ki, dünyanın ehtiyacını qarşılamaq üçün yeni vaksinlərin inkişaf etdirilməsi bunun parlaq tərəfidir. "Yalnız mövcud peyvənddən istifadə etməyəcəyik. Yeni peyvəndlər də olacaq. Mən onların da indiki peyvəndlər qədər təhlükəsiz və təsirli olacağına ümid edirəm."

Ümumdünya Səhiyyə Təşkilatı bu həftə artıq Braziliyada, İndoneziyada və digər yerlərdə istifadə olunan Sinovac peyvəndinə icazə verib. Bu, bu peyvəndin daha çox ölkədə istifadəsinə yol açacaq.