Açıq Cəmiyyət İnstitutu: Azərbaycanı vətəndaş cəmiyyətinə təzyiqləri azaltmağa, xeyriyyə təşkilatlarının təqibinə son qoymağa çağırırıq

Açıq Cəmiyyət İnstitunun bəyanatı

Açıq Cəmiyyət Fondu yanvarın 22-də Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı kampaniyanın güclənməsindən, bir neçə tanınmış insan haqları fəalının saxlanmasından dərin narahatlığını bildirən bəyanatla çıxış edib.

Maraqlıdır ki, bəyanat yayılan gün Davosda Azərbaycan prezidenti İlham Əliyevlə “Soros Fondu”nun təsisçisi George Sorosun görüşü olub. AzərTAc-ın yaydığı məlumata görə, görüşdə Azərbaycanda gedən prosesləri ətrafında fikir mübadiləsi aparılıb.

Soros Fondunun bəyanatında deyilir: “Son bir neçə ay ərzində Azərbaycan hökuməti onlarla siyasi fəalı, insan haqları fəalını, jurnalistləri və hüquqşünasları həbs edib, onlara qarşı vəsaitin mənimsənilməsindən tutmuş vətənə xəyanətə qədər müxtəlif ittihamlar irəli sürüb. Bəzilərinə uzunmüddətli həbs cəzaları kəsilib”.

Açıq Cəmiyyət Fondu hüquq müdafiəçiləri Leyla Yunus, Rəsul Cəfərov, hüquqşünas İntiqam Əliyev, jurnalist Xədicə İsmayılın adlarını çəkir.

Bəyanatda daha sonra deyilir ki, hakimiyyət apreldə Açıq Cəmiyyət Fondunu da hədəfə alıb. Qurumun yerli bank hesabını dondurub, kompüterlərini müsadirə edib, keçmiş əməkdaşlarını dindirib. Açıq Cəmiyyət İnstitutu hər hansı nöqsana yol verməsi barədə iddiaları rədd edir.

Açıq Cəmiyyət İnstitutunun təsisçisi və sədri George Soros Davosda Prezident İlham Əliyevlə görüşdə prezidenti vətəndaş cəmiyyətinə təzyiqləri azaltmağa və qeydiyyatdan keçmiş xeyriyyə təşkilatlarının təqibinə son qoymağa çağırıb.

Qurum bildirir ki, 1999-cu ildən Açıq Cəmiyyət Fondu Bakıda yerli tərəfdaşları ilə birlikdə neft və qaz gəlirlərinin şəffaflığı naminə çalışıb. Soros həmçinin Azərbaycanı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə öncül yerini qaytarmaq üçün qətiyyətlə hərəkətə keçməyə çağırıb.