İqlim Dəyişikliyi ilə bağlı vədlərin yerinə yetirilməməsi ümidləri boşa çıxarır

Çin və Rusiyanın Qlazqoda keçirilən COP26 İqlim Dəyişikliyi sammitinə qatılmaqdan imtina etməsi və Hindistanın vədlərinin gözləntilərə uyğun olmamasından sonra qlobal istixana qazı tullantılarının əhəmiyyətli dərəcədə azaldılması üçün hər hansı yeni razılaşma əldə ediləcəyinə ümidlər azalmaqdadır.

Sammit bazar ertəsi onlarla dünya liderinin nümayəndələr qarşısında çıxış edərək, iqlim fəaliyyəti ilə bağlı qərarlarını müdafiə etməsi və tullantıların azaldılması ilə bağlı yeni hədəflərini təqdim etməsi ilə başlayıb.

İki həftəlik konfransda dövlət başçıları, nazirlər, qeyri-hökumət təşkilatları, rəsmi müşahidəçilər və media da daxil olmaqla, 25 mindən çox nümayəndə iştirak edir.

Yüzlərlə etirazçı və ictimaiyyət nümayəndəsi Qlazqonun Klayd çayının sahilindəki təhlükəsiz “Mavi Zona”ya toplaşır. Sammit zamanı bu ərazi Birləşmiş Millətlər Təşkilatının rəsmi ərazisinə çevrilib.

BMT-nin Baş katibi Antonio Quterreş

Alimlər istixanə qazı tullantılarının daha çox azaldılmasına dair razılıq verilmədiyi təqdirdə fəlakətli və geri dönüşü olmayan iqlim dəyişikliyinin baş verəcəyi barədə xəbərdarlıq edib.

BMT-nin baş katibi Antonio Quterreş dünya liderlərinə sərt tonla müraciət edib.

"Bizim mədən yanacaqlarına olan aludəmiz bəşəriyyəti uçuruma doğru aparır. Biz sərt seçim qarşısındayıq - Ya biz onun qarşısını almalıyıq, ya da o bizi dayandıracaq. Və "bəsdir" deməyin vaxtıdır." Bio-müxtəlifliyə zorakı davranmağı dayandırın. Bəsdir özümüzü karbonla öldürdük. Bəsdir təbiətə tualet kimi baxdıq. Bəsdir yandırdıq və daha dərin qazdıq. Biz öz məzarlarımızı qazırıq” - deyə, Quterreş bildirib.