ABŞ-ın Ermənistandakı keçmiş səfiri Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil ediləcək

Con Evans

"ABŞ-ın Ermənistanda keçmiş səfiri Con Evans Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri növbəti təxribat əməlidir". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hacıyevin sözlərinə görə, C. Evans ABŞ erməni lobbisinin diktəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir.

"Con Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyil. ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilib, təmsil etdiyi ölkənin deyil, daha çox erməni lobbisinin maraqlarından çıxış edib. Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağırılıb. Onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək", mətbuat xidmətinin rəhəbəri bildirib.

Con Evans bu həftənin əvvəlində Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərinə səfər edib. Keçmiş səfir səfərinin məqsədi barədə hər hansı bəyanat verməyib və Azərbaycan Xarici İşlər Nazirliyinin bu məlumatına da hələ münasibət bildirməyib.