Suriyada İslam Dövləti qrupuna qarşı hava hücumları davam edir

ABŞ-ın başçılıq etdiyi koalisiya ikinci gündür Suriyada İslam Dövləti qrupuna qarşı hava hücumları həyata keçirir.

Koalisiya qüvvələri havadan İŞİD-in hədəflərinə 20 zərbə endirib.

Pentaqon sözçüsü admiral Con Kirbi deyib ki, bu gün yaraqlıların sərhəddən İraqa hərbi təchizat keçirdiyi ərazi hədəf alınıb.

ABŞ-ın CNN televiziyasında çıxış edən Kirbi eyni zamanda ABŞ İslam Dövləti qrupunun İraqın kürd şəhəri İrbil və paytaxt Bağdadda da mövqelərini hədəf aldığını deyib.

Suriya İnsan Haqlarının Müşahidəsi qrupu bildirib ki, dünənki hücumlar zamanı İslam Dövləti və Əl-Qaidənin 120 yaraqlısı öldürülüb.