İranda milli fəal Meysəm Colaniyə bəraət qazandırılıb

İranda 2019-cu ilin kütləvi noyabr etirazları zamanı həbs edilən güneyli milli fəal Meysəm Colani bəraət qazanıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İran Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəalın ilkin məhkəmənin 6 ay həbs və 74 qamçı cəzasına şikayəti nəticəsində Apellyasiya Məhkəməsi bəraət hökmü çıxarıb. Ərdəbil məhkəməsinin 11-ci şöbəsinin sədri, hakim Əhməd Musapur Colaninin günahsız olduğu ilə bağlı hökm verib.

Ötən ilin yanvar ayının 30-da Ərdəbil İkinci Cinayət Məhkəməsinin 102-ci şöbəsinin hakimi Əkbər Heydəri, Meysam Colanini "ümumi asayişi pozmaq" ittihamı ilə 6 ay həbs və 74 qamçı cəzasına məhkum etmişdi. Həmin hökmün qiyabi şəkildə verilməsi üçün milli fəalın şəkayəti nəticəsində keçən il iyulun 1-də yenidən keçirilən məhkəmədə cəza 13 ay həbs və 75 qamçıya artırılmışdı.

Colani 2019-cu ilin noyabr ayının 18-də İranda baş qaldıran kütləvi etirazlar zamanı Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutulub, Ərdəbil həbsxanasına köçürülmüşdü. O, dekabrın 9-da girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı. Ərdəbilli fəal noyabr etirazları ilə bağlı dosyesində məhkəmədən bəraət qazansa da, son zamanlarda İkinci Qarabağ Müharibəsi əsnasında İran Azərbaycanı və İrannın digər türk dilli şəhərlərində baş tutan Qarabağa dəstək mitinqləri ilə əlaqədar məhkəmə prosesi hələ davam edir.

2019-cu ilin noyabrında İranda benzinin qiymətinin dövlət tərəfindən 3 qat artırılması qərarı ardından baş qaldıran kütləvi etirazlar zamanı İran Azərbaycanı ilə bərabər ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınmışdı.