Cənubi Qafqazda münaqişələr, risklər və təhlükəsizlik

Cənubi Qafqazda münaqişələr, risklər və təhlükəsizlik

Vaşinqtonda Karneqi Beynəlxalq Sülh fondunda “Cənubi Qafqaz: Müstəqilliyin 20 ili” mövzusunda konfransın ikinci günü münaqişələr və regional təhlükələr mövzusu müzakirə edilib

Vaşinqtonda Karneqi Beynəlxalq Sülh Fondunda “Cənubi Qafqaz: Müstəqilliyin 20 ili” mövzusunda konfransın ikinci günü münaqişələr və regional təhlükələr mövzusu müzakirə edilib.

Yerevanda Regional Araşdırmalar Mərkəzində təhlilçi Riçard Giraqosyan Cənubi Qafqaz bölgəsində siyasi, iqtisadi və hərbi cəhətdən üç əsas tendensiya üzərində dayandı.

“Regionun hər üç ölkəsi üçün xarakterik cəhət münaqişələr və təhlükəsizliklə bağlı vəziyyətin siyasi prioritetlərin müəyyənləşdirməsinə təsir göstərməsidir” –deyə təhlilçi bildirib.

Onun sözlərinə görə, region liderləri uzun müddət üçün strategiya üzərində işləmək əvəzinə, qısa müddət üçün priorietləri seçməli olurlar.

İqtisadi tendensiyalardan danışan Riçard Giraqosyan qeyd edib ki, regionda oliqarxların təmsil etdiyi biznes və siyasətin birliyi kimi bir sistem mövcuddur. O, mövcud iqtisadi tendensiyanı Çikaqoda Alkapone modeli ilə müqayisə edərək,”gözəl kostyum geymiş qanqsterlərdən ibarət iqtisadi və siyasi qüvvə meydana çıxır”-deyə qeyd edib.

Təhlilçinin sözlərinə görə iqtisadi sahədə müşahidə olunan daha bir tendensiya təcili iqtisadi problemlərin həll edilmədən kənara qoyulmasından ibarətdir.

Riçard Giraqosyan hesab edir ki, regionda hərbiləşmə prosesi gedir və cəmiyyətdə hərbi əhval-ruhiyyə formalaşır. O deyir ki, məhdud resurslarla hərbi xərclərin artırılması müşahidə olunan tendensiyalardan biridir. Giraqosyan hərbi rəhbərliyin siyasi proseslərə müdaxilə edə bildiyi Türkiyə modelini Azərbaycan üçün əsas təhlükələrdən biri kimi gördüyünü bildirib.

Təhlilçi hesab edir ki, dondurulmuş münaqişələrin yaratdığı əsas risk müharibənin başlaya bilməsindədir. O, təhlükəsizliyə başlıca hədələr kimi İranla mümkün müharibənin başlaya bilməsi, Rusiya və Gürcüstan arasında gərginliyin mövcudluğunu göstərib.

Bakıda Respublikaçı Alternativ hərəkatı təşkilatında təhlilçi İlqar Məmmədov 20 il bundan əvvəl Sovet İttifaqının dağıldığı zaman reallıqlar və bu gün mövcud vəziyyəti səciyyələndirən əsas tendensiyaları göstərməyə çalışdı.

İlqar Məmmədov Azərbaycanın 20 il əvvəl tanınmayan, yeni, zəif bir ölkədən hazırda dünya miqyasında tanınmış bir ölkəyə çevrildiyini qeyd etdi. O, 20 il əvvəl dünyanın bir sıra ölkələrində erməni lobbisinin Azərbaycan əleyhinə fəaəliyyətlərindən danışdı.

İlqar Məmmədov Minsk qrupunun fəaliyyətinə toxundu və üç həmsədr ölkənin hər birində güclü erməni lobbisinin olduğunu nəzərə çatdıraraq, bunun reallıqlara təsir göstərdiyini qeyd etdi. Lakin o bildirdi ki, "İndi ictimai fikri 20 il bundan əvvəl olduğu kimi aldatmaq mümkün deyil".

İlqar Məmmədov Azərbaycanın son 20 ili ərzində iqtisadi inkişaf dinamikasından danışaraq, enerji layihələrinin gerçəkləşməsini iqtisadi inkişafa misal kimi göstərdi. “İqtisadi baxımdan Azərbaycan inkişaf edir. Azərbaycan enerji mənbələrinin divertifikasına çalışır"-deyə o bildirdi.

Təhlilçi Azərbaycanın qərb ölkələrilə təhükəsizlik sahəsində əməkdaşlığı və bu sahədə ölkənin rolunun artdığını qeyd etdi.

Lakin İlqar Məmmədov iqtisadi və diplomatik sahələrdə inkişafa baxmayaraq, siyasi baxımdan Azərbaycanda sistemi diktatura kimi səciyyələndirdi. O, idarəçilikdə problemlərin Azərbaycan üçün əsas sınaq olduğunu hesab etdiyini bildirdi.

Gürcüstanda Abxaziya və Cənubi Osetiya münaqişələrini şərh edən jurnalist Marqarita Axvlediani Gürcüstan hökumətinin münaqişənin həlli istiqamətində səylərilə bağlı mənfi fikirlər səsləndirdi.

Tbilisidə media-menecer olan Axvledianinin sözlərinə görə, Gürcüstan hökumətinin yeritdiyi siyasət bu iki regionun təcrid olunmasına gətirib çıxarır. “Bu ərazilərin beynəlxalq təcridi isə onlar üçün yeganə seçim qoyur, bu da Rusiya ilə yaxınlaşmaqdır”-deyə jurnalist hesab edir.

Onun sözlərinə görə, cəmiyyətdə mövcud əhval-ruhiyyə reallıqlar deyil, uydurmalara əsaslanır və cəmiyyətin özünü belə aldatması hökumətin tam nəzarəti altında olan medianın fəaliyyətinin nəticəsidir.

Jurnalist hesab edir ki, bu şəraitdə Gürcüstan hökumətinin regionda öz mövqeyini möhkəmləndirməsi üçün siyasi xətt yürütməsi çətinləşir.