Cənubi Qafqaz dövlətləri kasetli silahları qadağan edən konvensiyaya qoşulmayıb

Beynəlxalq konvensiyaya indiyədək 37 ölkə qoşulub

Avqustun 1-dən kaset bombalarını qadağan edən beynəlxalq saziş qüvvəyə minib. Konvensiya kasetli silahların istehsalını, istifadəsini və saxlanılmasını qadağan edir.

Beynəlxalq konvensiyaya indiyədək 37 ölkə qoşulub. Amerika, Rusiya, İsrail, Türkiyə, o cümlədən Ermənistan, Gürcüstan və Azərbaycan konvensiyaya qoşulmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, kasetli silahlara dair Konvensiyaya qoşulmaq imkanında deyil. "Azərbaycanın 20 faiz əraziləri işğal altındadır. Ona görə də Azərbaycan bu konvensiyaya qoşulmaq imkanına malik deyil. Azərbaycan konvensiyanın tərəfdarıdır, lakin ərazilərin işğalı davam etdikcə konvensiyaya qoşulmayacaq. Eyni zamanda, biz bu sahədə təşəbbüsləri alqışlayır".

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, kasetli silahlar Ermənistan-Azərbaycan münaqişəsi zamanı istifadə edilib. “Bu silahların əsas istehsalçısı Azərbaycanın şimal qonşusu Rusiyadır. Bununla yanaşı, regionun bütün dövlətləri kasetli silahlara malikdir”, - deyə o qeyd edib.

Ekspertin dediyinə görə. Rusiya-Gürcüstan müharibəsi zamanı da hər iki tərəf kasetli silahlardan istifadə edib.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq də Avropa dövlətlərini, o cümlədən Azərbaycan və Ermənistanı kasetli silahların qadağan edilməsi ilə bağlı konvensiyaya qoşulmağa çağırıb. “Avropa Şurasının üzvü olan Azərbaycan, Ermənistan, Gürcüstan, Polşa, Rusiya və Finlandiya hələ də sənədi təsdiq etməyib. Minalar və kaset bombalarının mövcudluğu cəmiyyət həyatının bütün sahələrinə təsir göstərir, münaqişədən sonra ölkələrin inkişafını ləngidir, məcburi köçkünlərin qayıdışını əngəlləyir, bölgələrin bərpasını çətinləşdirir”, - deyə komissar qeyd edib.