Cənubi Koreya hərbçiləri intensiv artilleriya təlimlərinə başlayıb

  • Nərminə Cəlalqızı

Cənubi Koreya hərbçiləri intensiv artilleriya təlimlərinə başlayıb

Cənubi Koreya hərbçiləri Koreya yarımadasının bütün sahilləri boyunca beş günlük intensiv artilleriya təlimlərinə başlayıblar. Hərbi qüvvələr gəmilərə atəş açılacağı 29 məntəqəyə getməmək bardə xəbərdarlıq veriblər. Bu sıraya Şimali Koreya ilə mübahisəli dəniz sərhədində yerləşən Daeçonq Adası da daxildir. Lakin rəsmilər spesifik məntəqələrin adlarını açıqlamaqdan imtina edir və qərb sərhədi boyunca media indiyədək top atəşi səsləri eşidilmədiyini bildirir.

Noyabrın 23-də Sarı Dənizdə yerləşən Yeonpyeonq adasında oxşar hərbi təlim zamanı Şimali Koreyanın adanı artilleriya atəşinə məruz qoyması nəticəsində 4 adam ölmüşdü. Şimali Koreya son donanma təlimlərini yeni müharibəyə başlamaq cəhdi kimi qiymətləndirib.

Bu arada ABŞ prezidenti Barak Obama Çin hökumətini Şimali Koreyaya aydın siqnal göndərməyə çağırıb. Çinli həmkarı Hu Cintaoya zəng edən Amerika lideri rəsmi Pekindən Pxenyana onun “hərəkətlərinin qəbuledilməz olduğunu” çatdırmağı xahiş edib.