Bu gün Cənubi Karolina ştatında Respublikaçılar Partiyasının prezidentliyə namizədini müəyyənləşdirmək üçün praymeriz keçirilir.
Yarış Nümayəndələr Palatasının sabiq spikeri Nyut Gingriç, Texas konqresmeni Ron Pol, sabiq Massaçusets qubernatoru Mitt Romni və sabiq Pennsivlania senatoru Rik Santorum arasında gedir. Son rəy sorğularına əsasən Gingriçə verilən ictimai dəstək genişlənməkdədir.
Birinciliyini qoruyub saxlayan Mitt Romni gözləntiləri endirməyə çalışaraq yarışın bərabər getdiyini deyib.
Bir həftə bundan öncə keçirilən rəy sorğuları Mitt Romninin asanlıqla qələbə çalacağını göstərirdi. Lakin ötən həftə ərzində rəqiblərindən kəskin hücumlara məruz qaldıqdan və debatlardan sonra Romni ilə başqa iddialılar arasındakı fərq azalıb.
Ekspertlər Gingriçin Texas qubernatoru Rik Perrinin yarışdan çıxmasından faydalana biləcəyini ehtimal edirlər.